Cənubi Afrikadakı Sərhəd Mağarasında (Border Cave) aşkar edilən qədim yataq qalıqları tarixdən əvvəlki insanların yataq sahələrini mütəmadi olaraq yandıraraq yenilədiyini ortaya çıxarıb.
Qaynarinfo xəbər verir ki, bu vərdişin köklərinin təxminən 200 min il əvvələ gedib çıxdığı və bunun həşəratlardan qorunmaq üçün külün şüurlu şəkildə istifadə edilməsi ilə bağlı olduğu düşünülür.
Sərhəd Mağarası uzun müddətdir arxeoloqlar üçün erkən insan növlərinin mədəni təkamülünü anlamaqda mühüm məkanlardan biri sayılır. Təxminən 220 min il ilə 43 min il arasında insanların yaşadığı bu qaya sığınacağında altı fərqli qədim yataq qalıqları aşkarlanıb. Bu yataqların yaşı 43 min ilə 161 min il arasında dəyişir, bəzi materialların izləri isə 200 min il əvvələ qədər gedib çıxır.
Mağarada tapılan sübutlara görə, həmin dövrün insanları yataq hazırlamaq üçün müxtəlif ot növlərindən, o cümlədən darı və şəkər qamışı kimi bitkilərdən istifadə ediblər. Bəzi təbəqələrdə həsir otlarına və gilə də rast gəlinib, lakin gil qatının qəsdənmi əlavə edildiyi, yoxsa təbii proseslərləmi yarandığı hələ dəqiq müəyyən edilməyib.
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri bütün yataq qatlarının qalın bir kül təbəqəsi üzərində qurulmasıdır. Qədim insanlar köhnəlmiş ot döşəklərini müəyyən aralıqlarla yandırır, yaranan külün üzərinə yeni otlar sərərək yataq sahəsini yeniləyirdilər. Bu proses mağara döşəməsində qat-qat izlər şəklində qorunub və arxeoloqlar bu vərdişin təxminən 200 min il ərzində fasiləsiz davam etdiyini bildirirlər.
Tədqiqatçılara görə, kül qatının seçilməsinin əsas səbəbi praktik xarakter daşıyırdı. Kül həşəratları və dişləyən böcəkləri uzaqlaşdıran təbii bir baryer rolunu oynayırdı. Odun bu məqsədlə, yəni məişət və gigiyena üçün istifadəsi isə simvolik davranışların və abstrakt düşüncənin ilk nümunələrindən xeyli əvvələ gedib çıxır. Min illər boyunca nəsildən-nəsilə ötürülən bu vərdiş, insanın nizamlı yatış sahəsinə ehtiyacının təkamül tarixində çox erkən formalaşdığını göstərir.
Aydın
Şərhlər