İndoneziyanın Yava adasında yaşayan hindu inancına mənsub Tengger icması əsrlərdir davam edən Yadnya Kasada ənənəsi çərçivəsində aktiv Bromo vulkanının zirvəsinə qalxaraq qurban mərasimi keçirib.
Qaynarinfo "CNN Türk"ə istinadən xəbər verir ki, mayın 31-i və iyunun 1-də təşkil olunan mərasim zamanı iştirakçılar Tanrıya minnətdarlıqlarını bildirmək və dualar etmək məqsədilə vulkanın kraterinə düyü, meyvə və canlı heyvanlardan ibarət qurbanlar atıblar.
Bromo vulkanı dəniz səviyyəsindən 2 min 329 metr yüksəklikdə yerləşir və İndoneziyanın ən məşhur aktiv vulkanlarından biri hesab olunur.
Əfsanəyə görə, XV əsrdə mövcud olmuş Macapahit krallığı dövründə şahzadə Roro Antenq və həyat yoldaşı uzun illər övlad sahibi ola bilmədikləri üçün tanrılara yalvarıblar. Dualarının qəbul olunduğu və onlara 25 uşaq veriləcəyi bildirilib. Lakin bunun bir şərti olub: dünyaya gələcək ən kiçik övlad Bromo vulkanına qurban verilməli idi.
Rəvayətə əsasən, ailənin ən kiçik övladı Tengger xalqının rifahını və firavanlığını təmin etmək üçün öz istəyi ilə vulkanın kraterinə atılıb.
Bu hadisənin xatirəsinə hər il keçirilən Yadnya Kasada mərasimi zamanı yerli sakinlər vulkana müxtəlif qurbanlar təqdim edir və bərəkət, sağlamlıq və rifah üçün dualar edirlər.
Aydın
Şərhlər