Xəbər lenti

45 min illik kəllə Avropanın ilk insanının üzünü ortaya çıxardı
Dünya 12:02 02.06.2026

45 min illik kəllə Avropanın ilk insanının üzünü ortaya çıxardı

Çexiyada 1950-ci ildə tapılan 45 min illik qadın kəlləsi üç fərqli rekonstruksiya üsulu ilə yenidən "canlandırılıb”. Ortaya çıxan üz xüsusiyyətləri müasir Mərkəzi Afrika qadınlarının cizgilərinə bənzəyir və tünd dəri ilə göz rənginə işarə edir.

Qaynarinfo xəbər verir ki, 1950-ci ildə Çexiyada aşkar edilən kəllə onilliklər boyunca Praqadakı Milli Muzeydə saxlanılıb. Yaşına baxmayaraq olduqca yaxşı qorunan bu sümüklər müasir elmi üsullarla yenidən araşdırılıb və nəticələr Avropaya gələn ilk müasir insanların görünüşü barədə indiyədək ən aydın təsvirlərdən birini ortaya qoyub.

Təxminən 45 min il əvvələ aid olduğu müəyyən edilən və elm dünyasında Zlaty kun icmasına aid hesab edilən bu qadın kəlləsi üzərində üç fərqli üz rekonstruksiya metodu tətbiq edilib. Birinci mərhələdə fosil üzərində məlum olan əzələ və yumşaq toxuma qalınlıqları xəritələndirilib. İkinci mərhələdə paleoartist bu məlumatları hiper-realistik əl işi heykələ çevirib. Son mərhələdə isə kəllədəki 78 anatomik istinad nöqtəsi rəqəmsal mühitə köçürülərək kompüter əsaslı model hazırlanıb.

Afrika izləri üzdə qalıb

Üç modelin nəticələri diqqət çəkib. İlk iki rekonstruksiya geniş və yastı burun quruluşu ilə müasir Mərkəzi Afrika qadınlarının üz cizgilərinə yaxınlıq göstərib. Kompüter əsaslı model isə daha dar burun və sivri çənə forması ilə müasir Çex qadınlarına daha yaxın bir profil təqdim edib. Genetik analizlər də bu nəticəni dəstəkləyir.

Araşdırmalar qadının tünd dəriyə, tünd göz və saç rənginə sahib olduğunu göstərir. Açıq dəri rənginin isə daha sonra, Şimal enliklərində günəş işığının az olduğu mühitə uyğunlaşma nəticəsində yayıldığı bildirilir. Mütəxəssislər geniş burun və üz quruluşunun isti iqlimlərdə nəfəsalma baxımından üstünlük verdiyini və bu xüsusiyyətlərin Afrika mənşəli qədim atalara yaxınlığı göstərdiyini qeyd edirlər.

Homo sapiens və neandertalların ilk geniş miqyaslı qarışmasından cəmi bir neçə min il sonra yaşadığı ehtimal edilən bu qadın, genetik məlumatlara görə həmin böyük qarışma dalğasından təxminən 80 nəsil sonra dünyaya gəlib. Bu isə "Zlatý kůň” icmasının Avropa və Asiya insan populyasiyalarının hələ tam ayrılmadığı çox erkən bir dövrü təmsil etdiyini göstərir.

"Heritage Science” jurnalında dərc olunan araşdırmada cavabsız qalan əsas sual isə neandertal genlərinin bu qadının görünüşünə nə dərəcədə təsir etməsidir. "Zlatý kůň” icmasının daş dövründən sonra nəsil buraxmadan yox olmuş bir "yan qol” olduğu düşünülür və bu da neandertal irsinin üz cizgilərindəki rolunu dəqiq müəyyən etməyi çətinləşdirir.

35 min il əvvəl Misirdə yaşayan bir insanın necə göründüyünə dair təsvir də oxşar elmi rekonstruksiyalara əsaslanaraq belə təqdim edilir.

Aydın
--> -->