Asiya ölkələri ABŞ-ın təhlükəsizlik öhdəliklərinə sadiqliyinə dair etimadın azalması fonunda Çinin artan hərbi fəallığından narahat olaraq sürətlə silahlanır və müdafiə əməkdaşlığını genişləndirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” Sinqapurda keçirilən Şanqri-La Dialoqu təhlükəsizlik forumunun yekunlarına istinadən məlumat yayıb.
Forum zamanı ABŞ-ın müdafiə naziri Pit Heqset müttəfiqləri regionun təhlükəsizliyi üçün daha çox məsuliyyət götürməyə çağırıb. Eyni zamanda, bir sıra iştirakçılar Vaşinqtonun diqqətinin İran ətrafındakı vəziyyət kimi digər böhranlara yönələ biləcəyi ehtimalından narahatlıqlarını ifadə ediblər.
Pentaqon rəhbəri bu narahatlıqlara cavab olaraq "Biz eyni anda iki işi görə bilərik” deyib.
Bununla belə, region ölkələrinin nümayəndələri artıq öz müdafiə imkanlarını gücləndirdiklərini və ənənəvi ABŞ təhlükəsizlik sistemi xaricində ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirdiklərini bildiriblər. Filippin müdafiə naziri Hilberto Teodoro "Reuters”ə açıqlamasında forum iştirakçılarının milli orduların sürətlə gücləndirilməsi zərurəti ilə bağlı yekdil mövqedə olduğunu deyib. Onun sözlərinə görə, Manila Yaponiya, Avstraliya, Kanada və Yeni Zelandiya ilə hərbi əlaqələri genişləndirir.
Yeni regional təhlükəsizlik arxitekturasında Yaponiya xüsusi rol oynamağa çalışır. Ölkənin müdafiə naziri Sindziro Koizumi Tokionun region ölkələri arasında əməkdaşlığı əlaqələndirən körpü rolunu oynamaq istədiyini bildirib. "Reuters” xatırladır ki, Yaponiya hökuməti aprel ayında son onilliklərin ən böyük silah ixracı islahatını elan edərək hərbi gəmilər, raketlər və digər silahların xaricə satışına imkan yaradıb.
"Yaponiya müdafiə avadanlıqları sahəsində daha da fəal əməkdaşlıq edəcək”, deyə Koizumi forumda çıxışı zamanı deyib.
Yeni əməkdaşlıq formatlarının yaradılması ideyası digər ölkələr tərəfindən də dəstəklənib. Sinqapurun müdafiə naziri Çan Çun Sin oxşar düşüncəli dövlətlər arasında daha çevik tərəfdaşlıqların inkişafını təklif edib. Kanadanın müdafiə qərargah rəisi general Ceni Karinyan isə Kanada qüvvələrinin regiondakı mövcudluğunun genişləndirildiyini və Yaponiya ilə Filippinlə birgə layihələrin həyata keçirildiyini bildirib.
Yeni Zelandiya isə köhnəlmiş ANZAC sinif freqatlarını əvəz etmək üçün Yaponiya və ya Britaniya istehsalı yeni hərbi gəmilərin alınmasını nəzərdən keçirir.
Daha əvvəl bildirildiyi kimi, Çin Tayvana qarşı hərbi təzyiqi artıraraq genişmiqyaslı təlimlər və demək olar ki, gündəlik patrullar həyata keçirir. Tayvan Çin donanması və aviasiyasının aktivliyi səbəbindən dəfələrlə yüksək döyüş hazırlığı rejiminə keçib.
Pekin həmçinin Cənubi Çin dənizində mövqelərini genişləndirir, Paracel adalarında bombardmançı təyyarələr yerləşdirir, süni adalar inşa edir və yeni rifləri ələ keçirir. Bu addımlar Filippin və regionun digər ölkələri ilə gərginliyi artırır.
Aydın
Şərhlər