Xəbər lenti

ABŞ NATO-nu tərk edərsə… (ŞƏRH)
Dünya 16:18 13.12.2025

ABŞ NATO-nu tərk edərsə… (ŞƏRH)

"Prinsip etibarı ilə ABŞ NATO-dan çıxa bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli ABŞ-ın NATO-dan çıxması ehtimalını şərh edərkən deyib.
 
Bununla belə ekspertin fikrincə, belə bir qanunun qəbul olunma ehtimalı çox aşağı səviyyədədir:

"Belə bir qanun layihəsi Konqresdə qəbul olunarsa, bu, mümkündür. Amma bunun üçün keçiləcək prosedurlar çox mürəkkəbdir. Ona görə də həmin qanun layihəsinin qəbul olunma ehtimalı çox azdır. Eyni zamanda, Vaşinqtonun NATO-dan çıxmasının həqiqi niyyət olmadığı qənaətindəyəm. Onun Alyansdan çıxmaq niyyəti yoxdur. Bildiyiniz kimi, NATO xərclərinin əsas hissəsi ABŞ-ın üzərinə düşür. Ağ Ev isə həmin xərclərin bir hissəsini Avropa ölkələrinin öz üzərinə yükləmək istəyir. Ona görə də bu əslində təzyiq metodudur”.
 

 
Həmsöhbətimiz düşünür ki, Amerikanın NATO-dan çıxması Avropanın bütövlükdə Rusiyanın təsir dairəsinə verilməsi anlamına gələcək:
 
"ABŞ isə bunu istəmir. Ona görə də onun NATO-dan çıxması prinsip etibarı ilə mümkün olsa da, bu ehtimal çox azdır. Avropa ölkələri özləri də bu dövrə hazırlaşır, özlərinin ayrıca təhlükəsizlik mexanizmini yaratmaq barədə düşünürlər. NATO hazırda Rusiya üçün çəkindirici bir qüvvədir. Ona görə ABŞ ordan çıxsa da, Avropa mütləq özü üçün yeni təhlükəsizlik mexanizmini işləyib hazırlayacaq”. 

Q.Əlibəyli qeyd edir ki, indiki məqamda NATO-nun qalması həm Azərbaycan, həm də Türkiyə üçün sərfəli variantdır:
 
"Türkiyə ABŞ-dan sonra Alyansda ən çox hərbi üstünlüyə malik ölkədir. Türkiyə həm də həmin gücü artırmaq imkanına da malikdir. Azərbaycan üçün də NATO-nun çəkindirici gücü hazırkı məqamda sərfəlidir. Çünki Avropada NATO kimi təhlükəsizlik mexanizmi olmasa, Rusiya "könhə dünya” ilə haqq-hesabı çürüdüb, ardınca üzünü Cənubi Qafqaz və Mərkəzi Asiyaya çevirəcək. Amma indiki məqamda NATO üzvü olan Ankara ilə Bakının strateji və hərbi müttəfiqliyi Azərbaycan üçün bir növ təhlükəsizlik mexanizmi rolunu oynayır”. 

Qeyd edək ki, son zamanlar ABŞ-ın NATO-dan çıxa biləcəyi məsələsi tez-tez müxtəlif səviyyələrdə gündəmə gətirilir. Bu günlərdə Respublikaçı ABŞ konqresmeni Tomas Massi ABŞ-ın Şimali Atlantika Alyansından çıxmasını nəzərdə tutan HR 6508 qanun layihəsini ("NATO qanunu”) Nümayəndələr Palatasına təqdim edib. NATO ”Soyuq müharibə"nin qalığı olduğunu deyən Massi ölkəsinin NATO-dan çıxmalı olduğu və ora xərclənən pulu Amerikanın müdafiəsinə yönəltməyi təklif edib. Varlı ölkələr öz müdafiə xərclərini ödəməkdən imtina etdikdə, Amerika dünya üçün "təhlükəsizlik yorğanı” olmamalıdır", - o bildirib.
 
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da dəfələrlə müttəfiqlərinin müdafiə xərclərinin yetərli olmaması səbəbindən ölkəni NATO-dan çıxarmaqla hədələyib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->