Qərbi Afrika ölkələri Cənubi Afrika Respublikasında (CAR) artan ksenofobiya və zorakılıq halları səbəbindən öz vətəndaşlarının təxliyəsinə başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” (FT) qəzeti yazır.
İlk repatriasiya əməliyyatını Qana həyata keçirib. Bu həftə Yohannesburqdan təxminən 300 nəfər çıxarılıb, mayın 31-də isə ikinci reysin yola salınması gözlənilir.
Təxliyəyə səbəb qonşu Afrika ölkələrindən olan şəxslərə qarşı hücumları əks etdirən videoların sosial şəbəkələrdə geniş yayılması olub. CAR-da ən böyük diasporalardan birinə malik olan Nigeriya da təxliyəyə hazırlaşır. Təxliyə reyslərinə təxminən 130 vətəndaş qeydiyyatdan keçib. Nigeriya Senatı hücumları "vəhşicəsinə” adlandırıb və nigeriyalıların təhlükəsizliyinin təmin olunması məsələsini müzakirə etmək üçün Pretoriyaya nümayəndə heyəti göndərməyi planlaşdırır.
CAR Afrika qitəsinin ən sənayeləşmiş iqtisadiyyatına malik ölkəsi hesab olunur. Ölkədə təxminən 4 milyon immiqrant yaşayır ki, bu da əhalinin 6 faizini təşkil edir. Lakin işsizlik səviyyəsi 33 faizə çatır. FT-nin yazdığına görə, yerli sakinlər iş yerlərinin və xidmətlərin çatışmazlığında immiqrantları günahlandırırlar.
Ölkədə baş vermiş zorakılıq halları əvvəllər də faciələrə səbəb olub. Belə ki, 2008-ci ildə baş verən hadisələr zamanı 60-dan çox insan həlak olub. 2015 və 2019-cu illərdəki iğtişaşlar isə CAR-ın Nigeriya, Zimbabve və Mozambiklə münasibətlərinə mənfi təsir göstərib.
CAR hökuməti hücumları pisləyib. Bununla yanaşı, ölkə rəsmiləri dezinformasiyanın yayılması riskinə dair xəbərdarlıq ediblər. Analitiklər isə miqrantların "dövlətin sistemli uğursuzluqlarına görə günah keçisinə çevrildiyini” bildirirlər.
Yohannesburqda yerləşən "New South Institute” analitik mərkəzinin baş elmi əməkdaşı və CAR prezidentinin keçmiş müşaviri Alan Hirş hadisələri şərh edərək bildirib: "Bu, sadəcə olaraq rüsvayçılıqdır”.
O, hakimiyyət orqanlarında "ksenofobiyaya qarşı mübarizə üzrə ardıcıl strategiyanın olmadığını” vurğulayıb.
Aydın
Şərhlər