Polşanın keçmiş prezidenti Anjey Duda Ukrayna Prezidenti Volodimir Zelenskinin "Ağ Qartal” ordenindən məhrum edilməsi ilə bağlı yaranan müzakirələrə münasibət bildirib.
Qaynarinfo-nun məlumatına görə, "Onet" nəşrinə müsahibəsində Duda xatırladıb ki, o, Zelenskini 2023-cü ildə, o dövrdəki şəraitə uyğun olaraq təltif edib.
"Volodimir Zelenski "Ağ Qartal" ordenini başqa vaxtda və başqa şəraitdə alıb. İndi isə şərait dəyişib, eyni zamanda Volodimir Zelenskinin davranışı da dəyişib. Bu, açıqdır", deyə Duda bildirib.
Bununla belə, o, mükafatın gələcək taleyi ilə bağlı birbaşa qiymət verməkdən çəkinib və yekun qərarın hazırkı Polşa dövlət başçısı Karol Navrotskiyə məxsus olduğunu vurğulayıb.
Duda bildirib ki, Polşa prezidenti qərar verməzdən əvvəl ordenin kapitulasının mövqeyini və bütün faktları nəzərə alacaq:
"Prezident kapitulanın fikrini dinləyəcək və qərar qəbul edərkən bütün şərait və faktları mütləq nəzərə alacaq. Onlar müxtəlifdir – bəziləri yadda qalmayıb, bəziləri geniş tanınmır və bəziləri hazırkı atmosferdə o qədər də görünmür", deyə o əlavə edib.
"Ağ Qartal” ordeni ilə bağlı mübahisə
Qeyd edək ki, Volodimir Zelenski 2023-cü ildə Andjey Duda tərəfindən Polşa–Ukrayna münasibətlərinin inkişafına verdiyi xüsusi töhfəyə görə "Ağ Qartal” ordeni ilə təltif olunub.
Lakin son dövrlərdə Polşada bu mükafatın saxlanılıb-saxlanılmaması ilə bağlı müzakirələr yaranıb. Buna səbəb Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin bir bölüyünə UPA qəhrəmanlarının adının verilməsi qərarı olub.
Məhz bundan sonra Karol Navrotski Zelenskinin ordenindən məhrum edilməsi ehtimalının nəzərdən keçirilməsini təklif edib.
Hazırda Polşa hakimiyyəti tərəfindən rəsmi qərar qəbul olunmayıb. Məlumata görə, məsələ 8 iyun tarixində keçiriləcək Ağ Qartal ordeni kapitulasının iclasında müzakirəyə çıxarıla bilər.
Aydın
Şərhlər