Xəbər lenti

Asiyada yeni estetik trend:
Sağlamlıq 18:59 30.05.2026

Asiyada yeni estetik trend: "Elf qulağı" nədir?

Cənubi Koreya başda olmaqla Asiyanın bir sıra ölkələrində "elf qulağı” estetikası sürətlə populyarlaşır. 

Qaynarinfo xəbər verir ki, qulaqların daha qabarıq və nəzərəçarpan görünməsini təmin edən dolğu və lent tətbiqləri xüsusilə sosial şəbəkələrdə yeni gözəllik trendinə çevrilib. İddialara görə bu görünüş üzü daha kiçik və proporsional göstərir.

Qeyd edək ki, Elflər Skandinaviya və Alman mifologiyasında, eləcə də müasir fantastik ədəbiyyatda rast gəlinən humanoid varlıqlardır, onlar adətən iti qulaqları, uzun ömürləri və fövqəltəbii gücləri ilə xarakterizə olunurlar.

Cənubi Koreyada yaşayan 31 yaşlı influenser Cunq Da-yun güzgüyə baxarkən üzündə nəsə çatışmadığını düşündüyünü deyir. Onun fikrincə, qulaqları kifayət qədər nəzərəçarpan olmayıb.



Sosial şəbəkələrdə gördüyü videolardan sonra o, "elf qulağı” dolğusu etdirməyə qərar verib. Qısa prosedurdan sonra qulaqlar daha ön plana çıxıb. Cunq bildirib ki, bu dəyişiklikdən sonra üzü daha incə, gənc və simmetrik görünür.

Prosedur zamanı qulaq qığırdağının müəyyən hissələrinə hialuron turşusu əsaslı dolğu vurulur. Bunun nəticəsində qulaqlar daha dik və daha nəzərəçarpan olur.

"Elf qulağı” görünüşü son dövrdə gözəllik trendlərinin sürətlə izlənildiyi Cənubi Koreyada geniş yayılıb. Ölkədə estetik müdaxilələr yalnız böyük əməliyyatlarla deyil, daha kiçik və qısa prosedurlarla da həyata keçirilir.



Bu trendin populyarlaşmasının əsas səbəbi qulaqlardan çox üz formasının dəyişməsi ilə bağlıdır. Daha qabarıq qulaqların üzü daha kiçik göstərdiyi düşünülür.

Şərqi Asiyada kiçik üz idealı uzun müddətdir gözəllik standartı hesab olunur. Yaponiyada üz şişkinliyini azaltmaq üçün müxtəlif masaj vasitələri istifadə edilir, Çində geniş üz cizgiləri bəzən mənfi qiymətləndirilir, Cənubi Koreyada isə V formalı çənə uzun illərdir ideal hesab olunur.

Bu trend Çin, Yaponiya və Cənubi Koreyada müxtəlif dövrlərdə yayılıb, lakin ən davamlı təsir Cənubi Koreyada müşahidə olunub. Seuldakı çoxsaylı plastik cərrahiyyə klinikaları – "Beauty Belt” adlandırılan bölgə – bu yayılmada mühüm rol oynayıb. Reklamlarda "üz proporsiyasına uyğun gözəl qulaqlar” kimi ifadələrdən istifadə edilir.

Cənubi Koreyanın Daegu şəhərində çalışan plastik cərrah Cunq Qyu-Şik bəzi günlərdə 20-yə yaxın "elf qulağı” proseduru etdiyini bildirir.

Həkimlərin sözlərinə görə, bu prosedur sürətli icra olunur və nəticə dərhal görünür. Buna görə də artıq yalnız estetik deyil, həm də kiçik yaşlanma əleyhinə müdaxilə kimi qiymətləndirilir.



Lakin bu trend bütün ölkələrdə eyni şəkildə qarşılanmır. ABŞ-da bir çox insan əksinə, qulaqları daha az görünən etmək üçün müxtəlif üsullara üstünlük verir.

Gözəllik influenseri Kristal Li bildirir ki, Koreyada "gənc və sevimli görünüş” müsbət qarşılanır, ABŞ-da isə eyni görünüş bəzən qəribə qəbul edilə bilər. Bu, gözəllik standartlarının mədəniyyətə görə dəyişdiyini göstərir.

"Elf qulağı” trendinin təxminən 5 il əvvəl Çində sosial şəbəkələrdə yayıldığı qeyd olunur. Bir influenserin sivri və daha qabarıq qulaq görünüşü paylaşması trendin sürətlə yayılmasına səbəb olub.

Çinin "Weibo” platformasında "Elf Ear Cosmetic Surgery” həştəqi 780 milyondan çox baxış toplayıb.Trend böyüdükcə daha az invaziv variantlar da ortaya çıxıb. Dolğu ilə yanaşı, qulaqları müvəqqəti olaraq önə çəkən xüsusi lentlər da populyarlaşıb.

Bu lentlər əməliyyatsız şəkildə oxşar görünüş yaradır. Trendin Cənubi Koreyada geniş yayılmasında "Oh My Girl” qrupunun üzvü Miminin bu lentlərdən istifadə etdiyini açıqlaması da təsirli olub.



Bu açıqlamadan sonra onlayn satış platformalarında minlərlə qulaq lenti satışa çıxarılıb. Bəzi məhsullar qısa müddətdə minlərlə rəy toplayıb.

Cənubi Koreyada estetik axtarış platformalarında "qulaq dolğusu” sorğularının 1200 faiz artdığı bildirilir. Bəzi istifadəçilər sosial şəbəkə təsiri ilə bu məhsulları sifariş etdiklərini deyirlər.

Mütəxəssislərin fikrincə, "elf qulağı” trendini yalnız qulaq forması ilə izah etmək düzgün deyil. Əsas məqsəd üzün daha balanslı və kiçik görünməsidir.

Fizioterapevt Li Rim isə bu dəbi təəccüblə izlədiyini bildirir və qeyd edir ki, böyük qulaqların üz ölçüsünü daha fərqli göstərməsi fərdi qavrayışdan asılıdır.

Aydın
--> -->