Xəbər lenti

“Atalar məktəbi” proqramının icrasına start verildi (FOTO)
Foto 13:59 08.12.2025

“Atalar məktəbi” proqramının icrasına start verildi (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında "Forest School Azerbaijan” tərəfindən "Atalar məktəbi” proqramının icrasına start verilib. 

Bu haqda Qaynarinfo-ya "Forest School Azerbaijan”dan məlumat verilib. Layihə, Sosial Xidmətlər Agentliyinin ailələrin çətin həyat şəraitinə düşməsinin qarşısının alınması istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirləri çərçivəsində valideynlərin məsuliyyətli valideynlik bacarıqlarının artırılmasına xidmət edir.

"Atalar məktəbi” proqramının əsas məqsədi ataların valideynlik prosesində iştirakının gücləndirilməsi, ailədaxili münasibətlərin sağlam və dayanıqlı əsaslar üzərində qurulması, oğlan və qız uşaqlarının ailədə bərabər dəyərə malik fərdlər kimi qəbul olunmasının təşviqi, uşaqların fiziki və psixoloji inkişafının daha təsirli şəkildə dəstəklənməsidir.

Layihə çərçivəsində müvafiq sahə üzrə bilik və bacarıqlara malik, geniş auditoriya ilə işləmək təcrübəsi olan 10 təlimçi (fasilitator) seçilib və onlar üçün xüsusi hazırlıq təlimləri təşkil edilib. Təlimləri tamamlayan fasilitatorlar cari ilin dekabr ayı ərzində bölgələrdə atalar üçün maarifləndirici təlimlərə və müzakirə sessiyalarına başlayacaqlar. Proqram Bakı şəhərinin Sabunçu və Binəqədi rayonlarını, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərini, Abşeron rayonunun Xırdalan şəhərini, Masallı, Cəlilabad, Tovuz və Şəmkir rayonlarını əhatə edəcək. Ümumilikdə 250 ata layihəyə birbaşa cəlb olunacaq.

Layihə çərçivəsində 5 dekabr 2025-ci il tarixində məlumatlandırma sessiyası və təqdimat mərasimi keçirilib. Tədbirin məqsədi "Atalar məktəbi” modelini ictimaiyyətə təqdim etmək, proqramın məqsəd və əhatə dairəsini tanıtmaq, eləcə də artıq təlim keçmiş təlimçilərlə tanışlıq və onların bölgələrdə fəaliyyətə başlaması öncəsi görüşü təmin etməkdir. 

"Forest School Azerbaijan” valideyn və ailə inkişafı sahəsində uzunmüddətli təcrübəyə malikdir və son illərdə bu istiqamətdə bir sıra uğurlu maarifləndirmə proqramları icra edib. "Atalar məktəbi” proqramı vasitəsilə ailə institutunun möhkəmləndirilməsinə, məsuliyyətli valideynlik mədəniyyətinin genişləndirilməsinə və uşaqların rifahının artırılmasına mühüm töhfə verəcək.

Bu yanaşma dünyada valideynlik bacarıqlarının gücləndirilməsinə yönəlmiş çoxsaylı proqramların əsas prinsipləri ilə üst-üstə düşür və beynəlxalq təcrübədə geniş tətbiq olunan model kimi tanınır. Tətbiq edilən oxşar proqramlar müxtəlif ölkələrdə atasız böyümə risklərinin azalmasına, ailədaxili ünsiyyətin yaxşılaşmasına, uşaqların emosional rifahının güclənməsinə və ataların tərbiyədə iştirak səviyyəsinin yüksəlməsinə mühüm təsir göstərib. Beynəlxalq tədqiqatlar da göstərir ki, ataların aktiv iştirakı çətin həyat şəraitində yaşayan ailələrin rifah halının yaxşılaşdırır. Eyni zamanda sağlam ata-övlad münasibətləri uşaqların sosial bacarıqlarını, məktəb nailiyyətlərini və psixoloji dayanıqlığını artıran əsas amillərdən biridir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->