İrlandiya liberal viza siyasəti səbəbindən rus casuslarının Böyük Britaniyaya daxil olması üçün "boşluq” rolunu oynamağa başlayıb. Britaniya rəsmiləri artıq bu problemlə bağlı Dublini xəbərdar ediblər.
Qaynarinfo "The Telegraph”a istinadən xəbər verir ki, İrlandiya hökumətinin keçmiş uşaq işləri naziri və hazırda Dublin üzrə Avropa Parlamentinin üzvü olan Barri Endryusun sözlərinə görə, Britaniya rəsmiləri ona İrlandiyanın Rusiya vətəndaşlarına verdiyi vizaların sayı ilə bağlı narahatlıqlarını çatdırıblar.
Moskvanın Ukraynaya qarşı genişmiqyaslı işğalından bəri İrlandiya Rusiya vətəndaşlarına 14 min viza verib. Müraciətlərin təsdiqlənmə səviyyəsi isə 90 faiz təşkil edib.
"İrlandiyanın kəşfiyyat imkanları Böyük Britaniya ilə müqayisədə kifayət qədər inkişaf etməyib. Böyük Britaniya hesab edir ki, İrlandiya boşluq yaradır. İnsanlar əvvəlcə İrlandiyaya gəlirlər və bizim Böyük Britaniya səviyyəsində müşahidə və nəzarət imkanlarımız yoxdur”, deyə Endryus qeyd edib.
Onun sözlərinə görə, İrlandiyada Rusiyanın qanunsuz fəaliyyəti ilə bağlı kifayət qədər sübutlar mövcuddur.
İrlandiya Şengen zonasına daxil olmayan iki Avropa İttifaqı ölkəsindən biridir və özünəməxsus viza proseduruna malikdir. Eyni zamanda ölkə Böyük Britaniya, Normand adaları və Men adası ilə birlikdə Vahid Səyahət Zonası sisteminə daxildir.
Barri Endryus əlavə edib ki, İrlandiyanın iyul ayında Avropa İttifaqına sədrlik etməyə başlaması ölkəni daha da həssas vəziyyətə gətirir.
"İrlandiya diqqət mərkəzindədir və düşünürəm ki, indi ruslar və belaruslar üçün viza verilməsi prosesinin hərtərəfli təhlil olunmasının vaxtıdır”, deyə o bildirib.
O, immiqrasiya xidmətinin əməkdaşlarını müraciət edən şəxslərin sosial şəbəkə profillərini yoxlamağa və əlavə müsahibələr keçirməyə çağırıb.
Avropada Rusiya ilə bağlı casusluq və təxribat iddiaları
May ayının əvvəlində Avstriya Vyanadakı Rusiya səfirliyinin üç əməkdaşını casusluq fəaliyyəti şübhəsi ilə ölkədən çıxarmaq qərarı qəbul edib. Buna səbəb aparılan araşdırma zamanı diplomatik nümayəndəliyin ərazisində məlumatların ələ keçirilməsi üçün istifadə edildiyi ehtimal olunan iri həcmli avadanlığın aşkarlanması olub.
Bundan əlavə, "The New Yorker” nəşri Rusiyanın kəşfiyyat xidmətlərinin internet vasitəsilə gəncləri "birdəfəlik agentlər” kimi cəlb etdiyini bildirib. Məlumata görə, onlar Avropa boyunca casusluq, yanğın törətmə və digər cinayət əməllərinin həyata keçirilməsi üçün istifadə olunurlar. Nəşrin qeyd etdiyi kimi, məqsəd təkcə Qərbin Ukraynaya yardım imkanlarını zəiflətmək deyil, həm də ictimai rəydə bu yardımın məqsədəuyğunluğu və dəyəri barədə şübhələr yaratmaqdır.
Aydın
Şərhlər