Vətəndaşlar 1, 3, 5 və 10 qəpiklri kağız əskinaslara dəyişmək istəyərkən bəzi banklarda əlavə komissiya tələbi ilə qarşılaşdıqlarını bildirirlər. Onların sözlərinə görə, xırda qəpiklərin dəyişdirilməsi zamanı banklar xidmət haqqı kimi 5-10 faiz komissiya tələb edir.
Bəs Mərkəzi Bankın qəpiklərin qəbulu və dövriyyəsi ilə bağlı tələbləri nədən ibarətdir? Banklar qəpikləri əskinasa dəyişdirərkən əlavə ödəniş tələb edə və ya xırda pulları qəbul etməkdən imtina edə bilərmi?
Bank məsələləri üzrə ekspert İsmayıl Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, son vaxtlar vətəndaşların 5, 10 və 20 qəpiklik metal sikkələri kağız əskinaslara dəyişmək istəyərkən bankların 5-10 faiz komissiya tələb etməsi ilə bağlı sualları artıb.
Onun sözlərinə görə, bir çox insan bunu ədalətsiz hesab etsə də, məsələnin banklar tərəfindən izahı da var:
"Banklar qəpik dəyişmə əməliyyatına sadəcə gəlir mənbəyi kimi baxmırlar. Bunun arxasında real xərclər dayanır.
Əl əməyi və vaxt: Qarışıq halda gətirilən yüzlərlə, hətta minlərlə qəpiyin nominallara görə çeşidlənməsi, sayılması və qablaşdırılması üçün xüsusi avadanlıq və ya əlavə işçi qüvvəsi tələb olunur. Bu proses bank əməkdaşlarının xeyli vaxtını alır.
Daşınma və saxlama: Çeşidlənmiş sikkələr xüsusi möhürlü kisələrdə Mərkəzi Banka daşınır. Bu proses əlavə logistika və saxlanma xərcləri yaradır.
Əlavə xidmət mahiyyəti: Sadə mübadilə əməliyyatı bankın əsas fəaliyyət istiqamətlərindən biri deyil. Bank bu xidmətdən birbaşa gəlir əldə etmədiyi üçün çəkilən əməliyyat xərclərini qarşılamaq məqsədilə komissiya tətbiq edir.
Bank üçün bu, xidmət haqqı xarakteri daşıyır. Əgər müştəri banka kredit, kommunal ödəniş və ya hesabına vəsait yerləşdirmək üçün müraciət edirsə, bank həmin qəpikləri qəbul edir. Çünki bu halda əməliyyat artıq bank xidmətləri çərçivəsində həyata keçirilir".
"Qanun bankları buna məcbur edirmi" sualını cavablandıran həmsöhbətimiz bildirib ki, hazırda heç bir qanun kommersiya banklarını xırda qəpikləri pulsuz dəyişməyə məcbur etmir:
"Mərkəzi Bank haqqında" Qanunda Mərkəzi Bankın pul nişanlarını dəyişdirmək öhdəliyi nəzərdə tutulub. Lakin bu öhdəlik birbaşa kommersiya banklarına şamil edilmir. Hər bir bank öz tarif siyasətini müstəqil şəkildə müəyyən edir. Əgər bank tətbiq etdiyi komissiyanı əvvəlcədən açıq şəkildə elan edibsə, bu, tamamilə qanuni praktikadır".
İsmayıl Məmmədov əlavə edib ki, 2026-cı ilin mart ayından etibarən Mərkəzi Bank öz kassalarının fəaliyyətini dayandırıb və pulsuz dəyişmə xidməti yalnız iki bank vasitəsilə həyata keçirilir:
"Bu o deməkdir ki, hazırda dövlət tərəfindən təmin olunan pulsuz mübadilə kanalı məhz həmin iki bankdır. Digər banklar isə bu xidməti öz tarif siyasətlərinə uyğun şəkildə göstərmək hüququna malikdir. Bundan başqa, əgər müştəri qəpikləri kredit, kommunal və ya digər ödənişlərin həyata keçirilməsi üçün banka təqdim edirsə, bank həmin vəsaiti qanuni ödəniş vasitəsi kimi qəbul etməlidir. Qəpikləri bank hesabına mədaxil etmək də mümkündür. Lakin bəzi banklar iri məbləğdə nağd vəsaitin hesaba yerləşdirilməsi zamanı ayrıca komissiya tətbiq edə bilər. Buna görə də vətəndaşlara əvvəlcədən bankın tarifləri ilə tanış olmaları tövsiyə edilir. Bank sektoru şəffaflıq prinsipinə sadiq qalaraq bütün tariflərini müştərilərinə əvvəlcədən açıqlayır. Hər hansı banka qəpik dəyişməyə getməzdən əvvəl həmin bankın bu xidmət üzrə tətbiq etdiyi xidmət haqqı barədə məlumat almaq ən düzgün addım olar".
Günay İlqarqızı
Şərhlər