İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib.
Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchizat Mərkəzi, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Konstitusiya Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Elm vəTəhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Müdafiə Nazirliyi, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti (ASC), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Maliyyə Nazirliyi və Azərbaycan İdman Akademiyası tərəfindən keçirilib.
Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 13 209 986,61 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Ultra Technologies” MMC 14 yanvar 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşən şirkətin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur.
"Ultra Technologies” MMC 2016-cı ilədək "Ultra Computers” MMC adı ilə fəaliyyət göstərib. Həmin ildən isə şirkətin adı dəyişdirilib.
MMC-nin qanuni təmsilçisi Məhəmməd Zülfüqarlının adına başqa bir şirkət də var. Bu "MSM” MMC-dir. 1000 manatlıq nizamnamə kapitalı yaradılan bu şirkət də 2005-ci ildə qeydiyyata alınıb.
"Ultra Technologies” MMC-nin deputat Tahir Mirkişiliyə məxsus olduğu barədə iddialar var. Qarşı tərəf indiyədək bu iddiaları təkzib etməyib.
Deputatın tərcümeyi halında qeyd edilib ki, o, 2000-2011-ci illərdə şirkətdə mühəndis, daha sonra direktor vəzifələrində işləyib. Məhz bu fakt "Ultra Technologies” MMC-nin Tahir Mirkişiliyə məxsus olması barədə iddialara səbəb olub.
Tahir Mirkişili 2015-ci ildən deputatdır. O, parlamentdə 43 saylı Sumqayıt II Seçki Dairəsini təmsil edir.
Seyid
Şərhlər