Xəbər lenti

Bir ildə 36 dəfə çox artım - İqtisadi inkişaf, yoxsa texniki yenilənmə?
Ekonomiks 15:21 03.06.2026

Bir ildə 36 dəfə çox artım - İqtisadi inkişaf, yoxsa texniki yenilənmə?

2025-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) çap şirkətlərindən ümumi dəyəri 3 milyard 26,808 milyon manat olan yeni kağız və metal pul nişanları təhvil alıb. Bu isə 2024-cü illə müqayisədə 36 dəfə çoxdur. Hesabat dövründə dövriyyədə olan kağız və metal pul kütləsinin ümumi dəyəri isə 2 milyard 114,336 milyon manat artıb.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Mərkəzi Bankın bir ildə böyük həcmdə yeni kağız və metal pul nişanları sifariş etməsi təkcə iqtisadiyyatın "çox böyüməsi" ilə izah olunmur:

"Bu cür rəqəmlər adətən bir neçə texniki və monetar səbəbin birgə nəticəsi olur".
 


Yeni kağız və metal pulların çapının ölkədə nağd pula tələbatın yüksəlməsi yoxsa, iqtisadi fəallığın artması ilə bağlı olub-olmaması barədə sualı iqtisadçı belə izah edib:

"Ən əsas səbəblərdən biri köhnəlmiş və dövriyyəyə yararsız banknot və sikkələrin yeniləri ilə əvəz edilməsidir. Nağd pul uzun müddət istifadə olunduqda fiziki olaraq sıradan çıxır və onların sistemdən çıxarılması üçün daim yeni emissiya tələb olunur. Bundan başqa, bəzi illərdə Mərkəzi Bank əvvəlki dövrlərdə yaranmış tələbatı kompensasiya etmək və ehtiyat fondlarını gücləndirmək üçün daha iri həcmdə sifariş verə bilər.

Digər tərəfdən, nağd pula tələbatın artması da rol oynaya bilər. Bu, əhali davranışında dəyişiklik, ticarətdə nağd ödənişlərin payının yüksəlməsi, turizm axını və ya iqtisadi fəallığın genişlənməsi ilə bağlı ola bilər. Lakin bu göstərici təkbaşına iqtisadi artımın birbaşa ölçüsü deyil, çünki pul kütləsinin artması həm də inflyasiya, valyuta ehtiyatlarının idarə olunması və maliyyə sistemində likvidlik siyasəti ilə bağlı ola bilər.

Yəni belə bir artım həm nağd pul dövriyyəsinə real tələbatın dəyişməsi, həm də Azərbaycan Mərkəzi Bankının pul idarəetməsi və texniki yeniləmə siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir, təkcə iqtisadi fəallığın yüksəlməsi kimi yox".
 
Günay İlqarqızı

--> -->