Xəbər lenti

BP regiondan gedir? (ŞƏRH)
Ekonomiks 13:50 06.12.2025

BP regiondan gedir? (ŞƏRH)

"BP-nin Bakı-Supsa və Bakı-Tiflis-Ceyhan boru kəmərlərinin operatorluğundan çıxması "BP gedir" və ya "kəmərlərin əhəmiyyəti azalıb" kimi anlaşılmamalıdır. Kəmərlərin əhəmiyyəti azalmayıb. BTC hələ də regionda əsas ixrac marşrutudur və Qazaxıstan da daxil olmaqla başqa ölkələr əlavə həcmdə neft ixracını bu kəmər vasitəsilə planlaşdırır. Yəni bu marşrutun iqtisadi və strateji rolu qalır".

Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli BP şirkətinin Bakı-Supsa və Bakı-Tiflis-Ceyhan boru kəmərlərinin operatoru rolunu təhvil verməklə bağlı danışıqlar apardığı barədə məlumatı şərh edərkən deyib. 

Akif Nəsirli qeyd edib ki, BP-nin bu addımında əsas səbəb qüvvədə olan müqavilələrin müddəti və şərtlərilə bağlıdır: 

"Mövcud sazişə görə, müəyyən dövrdən sonra operatorluğun yerli və ya dövlət tərəfindən təyin olunmuş qurumlara ötürülməsi nəzərdə tutulur. İndi sadəcə həmin mərhələ reallaşır".
 


Ekspert onu da vurğulayıb ki, BP operatorluğunu təhvil versə də, kəmərlərin səhmdarı olaraq qalır: 

"Yəni BTC və Cənubi Qafqaz Boru Kəmərində payını saxlayır və bu layihələrdən gəlir əldə etməyə davam edir. Bu da göstərir ki, şirkət regiondan çıxmır. Sadəcə, gündəlik idarəetmə funksiyasını "SOCAR Midstream" kimi yerli bir quruma verir. Bu, həm də Azərbaycanın öz tranzit infrastrukturunu daha çox daxili resurslarla idarə etmək istəyinə uyğundur".

Ekspertin fikrincə, BP-nin bu addımının digər səbəbi şirkətin öz əsas fəaliyyət sahələrinə, hasilat layihələrinə, o cümlədən Xəzərdəki yataqlar və Səngəçal terminalı kimi böyük obyektlərə daha çox fokuslanmaq istəyi ilə də bağlı ola bilər: 

"Qlobal enerji bazarındakı dəyişikliklər, neft şirkətlərinin restrukturizasiyası və xərclərin optimallaşdırılması da bu qərarı sürətləndirə bilər. BP operatorluq kimi çox əməliyyat və inzibati yük tələb edən roldan kənara çəkilərək daha strateji və daha yüksək gəlirli sahələrə yönəlir. Yəni burada nə kəmərlərin əhəmiyyəti azalır, nə də BP regiondan çəkilir. Sadəcə operatorluq funksiyası plan üzrə yerli tərəfə keçir, BP isə səhmdar kimi qalır və fəaliyyətini daha fokuslanmış formada davam etdirir".

Qeyd edək ki, BP şirkəti Bakı-Supsa və Bakı-Tiflis-Ceyhan boru kəmərlərinin operatoru rolunun təhvil verilməsi ilə bağlı danışıqlar aparır. Bu barədə şirkətin Gürcüstandakı nümayəndəliyindən "Business Media" nəşrinə məlumat verilib. 

Bildirilib ki, qüvvədə olan müqavilələrə uyğun olaraq, BP boru kəmərləri sisteminin operatorluğunun ötürülməsi üzrə danışıqları müvafiq tərəflərlə aparır. Danışıqların əsas istiqaməti Gürcüstanda yerləşən Bakı-Supsa neft kəmərinə aid obyektlərin Gürcüstanın Neft və Qaz Korporasiyası və yaxud onun təyin etdiyi operatora qaytarılması və Bakı-Tiflis-Ceyhan neft kəmərinin idarəçisi, baş operatoru və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) funksiyalarının "SOCAR Midstream” şirkətinə ötürülməsindən ibarətdir.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->