Xəbər lenti

Britaniyada 18 yaşlı tələbənin ölümü siyasi qalmaqala səbəb oldu
Dünya 19:03 03.06.2026

Britaniyada 18 yaşlı tələbənin ölümü siyasi qalmaqala səbəb oldu

Böyük Britaniyada 18 yaşlı tələbə Henri Novakın ölümü ölkədə geniş ictimai və siyasi rezonans doğurub. Hadisə hüquq-mühafizə orqanlarının hərəkətləri ilə bağlı ciddi suallar yaradıb və etiraz aksiyalarına səbəb olub.

Qaynarinfo xəbər verir ki, hadisə 3 dekabr 2025-ci ildə Sautqempton şəhərində baş verib. Məlumata görə, universitet tələbəsi Henri Novak şəhərdə baş verən mübahisə zamanı bıçaqlanıb. Hadisə yerinə gələn polis əməkdaşları isə ilkin mərhələdə yaralı gənci şübhəli şəxs kimi saxlayaraq qandallayıblar.

Bildirilir ki, Novak polisə bir neçə dəfə bıçaqlandığını və nəfəs ala bilmədiyini desə də, onun çağırışlarına dərhal reaksiya verilməyib. Daha sonra gənc huşunu itirib və təcili tibbi yardım gəldikdən sonra onun öldüyü təsdiqlənib.

Hadisə ilə bağlı yayılan polis bədənkamerası görüntüləri ictimaiyyətdə böyük narazılıq yaradıb. Videonun yayılmasından sonra bəzi siyasi qüvvələr polis davranışını sərt tənqid edib və hüquq-mühafizə orqanlarında "ikili standartlar” mövzusunu gündəmə gətirib.

Eyni hadisə çərçivəsində bıçaqlama hadisəsini törətməkdə şübhəli bilinən Vikram Diqva saxlanılıb və məhkəmə tərəfindən ömürlük həbs cəzasına məhkum edilib. Ona minimum 21 il həbs cəzası təyin olunduğu bildirilir.

Hadisənin ictimaiyyətə açıqlanan görüntülərindən sonra ölkədə etirazlar başlayıb. Sautqemptonda polis bölməsi qarşısında keçirilən aksiyalar qarşıdurmaya çevrilib və toqquşmalar nəticəsində onlarla polis əməkdaşının yaralandığı bildirilir.

Britaniya hökuməti hadisə ilə bağlı narahatlığını ifadə edib. Baş nazir Kir Starmer yayılan görüntüləri izlədikdən sonra məsələ ilə bağlı ciddi sualların olduğunu bildirib və araşdırmanın davam etdiyini qeyd edib.

Daxili işlər strukturlarında polis davranış qaydalarının və mövcud təlimatların yenidən nəzərdən keçirilməsi gündəmə gətirilib. Rəsmilər vəziyyətin gərginləşməməsi üçün sakitlik çağırışı edib.

Hadisə ölkədə hüquq-mühafizə orqanlarının fəaliyyətinə dair müzakirələri yenidən gücləndirib və ictimai-siyasi gərginliyi artırıb.

Aydın
--> -->