Xəbər lenti

Britaniyalı kəşfiyyatçılar Ukraynanı tərk etməyəcək: Mİ6-nın rəhbəri Putinə xəbərdarlıq etdi
Dünya 10:04 15.12.2025

Britaniyalı kəşfiyyatçılar Ukraynanı tərk etməyəcək: Mİ6-nın rəhbəri Putinə xəbərdarlıq etdi

Böyük Britaniyanın xarici kəşfiyyat xidməti Mİ6-nın yeni rəhbəri Blez Metraveli "aqressiv və ekspansionist” Rusiyanı sərt tənqid edərək, Vladimir Putinə britaniyalı kəşfiyyatçıların Ukraynanı tək qoymayacağı barədə xəbərdarlıq edib.

Qaynarinfo "The Telegraph”a istinadla yazır ki, Mİ6-nın qərargahından etdiyi ilk çıxışında Metraveli Böyük Britaniyanın Kiyevə sarsılmaz dəstəyini vurğulayıb:

"Putin şübhə etməməlidir: bizim dəstəyimiz dəyişməzdir. Ukraynanın maraqları naminə göstərdiyimiz təzyiq davam edəcək”.

Onun sözlərinə görə, "xaosun ixracı təsadüf deyil, Rusiyanın beynəlxalq münasibətlərə yanaşmasının əsas xüsusiyyətidir və Putin öz hesablamalarını dəyişməyə məcbur edilənədək bunun davam edəcəyinə hazır olmalıyıq”.

Nəşr qeyd edir ki, bu bəyanat ABŞ prezidenti Donald Tramp administrasiyasının "sülh sazişi”nin bağlanmasında israr etməsi və Ukraynaya əhəmiyyətli ərazi güzəştləri üçün təzyiq göstərdiyi bir vaxta təsadüf edir.

Metraveli bildirib ki, müharibə qaydaları artıq Rusiya və digər düşmən aktorlar tərəfindən yenidən yazılır və dünya yeni "qeyri-müəyyənlik dövrü” ilə üz-üzədir.

Bu kontekstdə nəşr xatırladır ki, Rusiya Avropaya qarşı hibrid müharibə aparmaqda, kiberhücumlar və pilotsuz uçuş aparatlarından istifadə etməklə panika yaratmağa çalışmaqda ittiham olunub. Britaniya hərbi kəşfiyyatı həmçinin xəbərdarlıq edib ki, Putin kritik sualtı kabellərə və boru kəmərlərinə zərbə endirmək üçün hərbi-dəniz donanmasını modernləşdirir.

Qeyd edək ki, Metraveli bu ilin əvvəlində Mİ6-nın rəhbəri təyin olunub və 116 illik tarixində Böyük Britaniyanın xarici kəşfiyyatına rəhbərlik edən ilk qadın olub.

Alpər


 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->