Xəbər lenti

Bu il görməyə dəyər dünyanın 5 memarlıq şah əsəri: Harada yerləşirlər?
Dünya 15:15 02.08.2026

Bu il görməyə dəyər dünyanın 5 memarlıq şah əsəri: Harada yerləşirlər?

Qədim mavzoleydən müasir muzeyə qədər uzanan bu siyahıya həm tarixi abidələr, həm də müasir memarlığın diqqətçəkən nümunələri daxildir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Time Out" nəşri yazır.

Qeyri-adi formaları, cəsarətli memarlıq həlləri və innovativ tikinti texnologiyaları ilə seçilən tikililər arasında ən gözəllərini əhatə edən yenilənmiş siyahıya bu il iki yeni obyekt də daxil edilib – Londondakı brutalizm memarlığının tanınmış nümunələrindən biri və Cənubi Koreyada təpə üzərində yerləşən müasir incəsənət muzeyi.

1. "Tac Mahal” – Hindistan



Siyahının ilk pilləsində 1632–1653-cü illərdə inşa edilmiş "Tac Mahal” yer alır.

Böyük Moğol imperatoru Şah Cahan bu möhtəşəm mavzoleyi vəfat etmiş həyat yoldaşı Mümtaz Mahalın xatirəsinə tikdirib. Tikinti 22 il davam edib və nəticədə dünyanın ən məşhur memarlıq abidələrindən biri ərsəyə gəlib.

İngilis şairi ser Edvin Arnold vaxtilə "Tac Mahal” haqqında belə yazıb:

"Bu, sadəcə digər tikililər kimi bir memarlıq nümunəsi deyil, imperator sevgisinin canlı daşda əbədiləşmiş qürurlu təcəssümüdür".

2. "Barbican Estate” – Böyük Britaniya



İkinci yerdə 1965–1976-cı illərdə tikilmiş "Barbican Estate” yaşayış kompleksi qərarlaşıb.

Bu kompleks brutalizm memarlığının ən məşhur nümunələrindən biri hesab olunur. Üslubun əsas xüsusiyyətləri xam beton səthlər, sərt həndəsi formalar və iri həcmli konstruksiyalardır.

Tikildiyi dövrdə layihə birmənalı qarşılanmasa da, 2001-ci ildə II dərəcəli memarlıq abidəsi statusu alıb. Kompleksin sərt beton memarlığı ilə süni göllərin yaratdığı kontrast onu Londonun ən məşhur gəzinti məkanlarından birinə çevirib.

3. "Hallgrímskirkja” – İslandiya



Üçüncü pillədə Reykyavikin simvollarından biri sayılan "Hallgrímskirkja” kilsəsi yer alır. Tikintisinə 1945-ci ildə başlanılıb, 1986-cı ildə isə tamamlanıb.

İlk baxışda kosmik raketi xatırladan bina İslandiyanın ən böyük lüteran kilsəsidir.

Memar Qudyon Samuelsson layihəni hazırlayarkən İslandiyanın vulkanik landşaftından ilham alıb. Fasadın maili xətləri donmuş lava axınlarını xatırladır, açıq rəngli beton isə tikilinin ətrafdakı dağlarla harmoniyasını təmin edir.

4. "Sagrada Família” – İspaniya



Dördüncü yerdə Barselonanın məşhur "Sagrada Família” bazilikası qərarlaşıb.

Tikintisinə 1882-ci ildə başlanılan Antoni Qaudinin (Antoni Gaudí) şah əsəri 140 ildən artıqdır ki, inşa edilir.

2026-cı ilin fevralında bazilikanın xarici hissəsində əsas işlər başa çatdırılıb və İsa Məsih qülləsinin son elementləri quraşdırılıb. Bu hadisə memarın vəfatının 100 illiyinə təsadüf edib.

Bununla belə, "Şöhrət fasadı” üzərində işlərin daha təxminən on il davam edəcəyi gözlənilir.

Hazırda məbəd qotik və modern üslublarının sintezi, rəngarəng vitrajları, ağacları xatırladan sütunları və məşhur sehrli kvadratı ilə ziyarətçilərin böyük marağına səbəb olur.

5. "SAN” muzeyi – Cənubi Koreya



Siyahını 2013-cü ildə fəaliyyətə başlayan "SAN” muzeyi tamamlayır.

Muzeyin adı üç sözün baş hərflərindən formalaşıb: Space (məkan), Art (incəsənət) və Nature (təbiət).

Minimalist memarlığın tanınmış nümayəndəsi Tadao Ando muzeyi Kanvon əyalətində meşəlik təpənin zirvəsində layihələndirib.

Ziyarətçilər girişdən başlayaraq çiçək bağı vasitəsilə britaniyalı heykəltəraş Entoni Qormlinin (Antony Gormley) "GROUND” instalyasiyasına doğru hərəkət edirlər.

Kompleksə həmçinin heykəl bağı, su bağı, daş bağı, əsas muzey binası və amerikalı rəssam Ceyms Turrellin (James Turrell) pavilyonu daxildir.

Meşələrlə əhatə olunmuş bu məkan "SAN” muzeyini dünyanın ən təsirli müasir muzey komplekslərindən birinə çevirir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->