Xəbər lenti

Bu ölkə tarixi ilkə imza atdı: Qadın nazirlərin sayı kişilərdən çoxdur
Dünya 17:50 03.06.2026

Bu ölkə tarixi ilkə imza atdı: Qadın nazirlərin sayı kişilərdən çoxdur

Danimarkanın Baş naziri Mette Frederiksen 21 nəfərdən ibarət yeni hökumət kabinetini təqdim edib. Ölkə tarixində ilk dəfə olaraq qadın nazirlərin sayı kişi nazirlərin sayından çox olub.

Qaynarinfo xəbər verir ki, yeni hökumət dörd partiyadan ibarət koalisiya əsasında formalaşdırılıb. Kabinetdə 11 qadın və 10 kişi nazir təmsil olunur.

Kopenhagendə keçirilən mətbuat konfransında çıxış edən Mette Frederiksen bildirib ki, Sosial Demokratlar, Sosialist Xalq Partiyası, mərkəz-sol Radikal Partiyası və mərkəzçi Mötədillər Partiyası arasında uzun danışıqlardan sonra azlıq hökuməti yaradılıb.

Baş nazir yeni kabineti təqdim edərkən bunun Danimarka tarixində mühüm hadisə olduğunu vurğulayıb.

"21 nazirdən ibarət hökumətimiz var və Danimarka tarixində ilk dəfə qadın nazirlərin sayı kişi nazirlərin sayını ötüb”, deyə Frederiksen bildirib.

Yeni kabinetdə xarici işlər naziri vəzifəsini Lars Lokke Rasmussen qoruyub saxlayıb. Əvvəlki hökumətdə ədliyyə naziri olan Peter Hummelqaard maliyyə naziri təyin edilib. Pia Olsen Dihr iqtisadiyyat və daxili işlər naziri, Jeppe Bruus isə müdafiə naziri vəzifəsinə gətirilib.

Hökumətdə həmçinin Martin Lideqaard biznes və rəqabət məsələləri naziri, Kristina Eqelund tədqiqat, təhsil və rəqəmsallaşdırma naziri, Samira Nava isə iqlim, enerji və təchizat naziri təyin olunub.

Digər təyinatlar arasında Nikolay Vammenin ədliyyə naziri, Siqne Munkun şəhərsalma, kənd və nəqliyyat naziri, Morten Bodskovun miqrasiya və inteqrasiya naziri, Maqnus Heunikenin təhsil naziri, Ane Halsboe-Yorqensenin əmək və bərabərlik naziri vəzifələrinə gətirilməsi yer alır.

Yeni hökumətin formalaşdırılması Danimarkada gender təmsilçiliyi baxımından tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu, ölkənin siyasi idarəçiliyində qadınların rolunun daha da gücləndiyini göstərən mühüm göstərici hesab olunur.

Aydın
--> -->