Norveç hakimiyyəti Avropa İttifaqı ilə münasibətlərin yenidən nəzərdən keçirilməsinin zəruriliyini qəbul edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Espen Bart Eyde danışıb.
Nazirin fikrincə, ölkəni bu istiqamətdə düşünməyə vadar edən amillərdən biri hazırkı mürəkkəb beynəlxalq vəziyyətdir. O, dünyada baş verən dəyişikliklərin Norveçin Avropa ilə münasibətlərinə yenidən baxmasını zəruri etdiyini bildirib.
Norveç daha əvvəl iki dəfə – 1972 və 1994-cü illərdə keçirilən referendumlarda Avropa İttifaqına qoşulmaqdan imtina edib. Hər iki halda vətəndaşların əksəriyyəti üzvlüyün əleyhinə səs verib. Bunun əsas səbəblərindən biri balıqçılıq və kənd təsərrüfatı sektorlarının Brüsselin siyasəti nəticəsində əlverişsiz vəziyyətə düşə biləcəyi ilə bağlı narahatlıqlar olub. Eyde qeyd edib ki, həmin dövrdə qlobal vəziyyət daha sabit və əlverişli idi.
Xarici işlər naziri xatırladıb ki, Norveç 1994-cü ildə Avropa İqtisadi Məkanına qoşularkən vahid bazarın üstünlüklərindən yararlanmaq istəyirdi.
"30 ildən çox vaxt keçib və həmin əlverişli dünya artıq mövcud deyil. Biz səmimi şəkildə etiraf etməliyik ki, daha mürəkkəb şəraitdə yaşayırıq. Avropa İttifaqının qoşulmaqdan imtina etdiyimiz hissələri indi getdikcə daha böyük əhəmiyyət kəsb edir”, deyə Espen Bart Eyde bildirib.
"Financial Times” qeyd edir ki, nazir bununla əsasən ticarət siyasəti və gömrük tənzimlənməsi mexanizmlərini nəzərdə tutur.
Nəşrin məlumatına görə, Norveçin baş naziri Yunas Qar Störe də ölkənin Avropa İttifaqına qoşulması ideyasına müsbət yanaşır. Bununla belə, hakim Fəhlə Partiyası hazırda yeni referendum keçirməyi planlaşdırmır. Səbəb isə ictimai rəy sorğularının nəticələridir. Sorğular göstərir ki, norveçlilərin əksəriyyəti hələ də Avropa İttifaqına üzvlüyə qarşı çıxır.
Aydın
Şərhlər