Xəbər lenti

Doğulmadan bitən 95 min tale - Ginekoloq abortun fəsadlarını açıqladı
Sağlamlıq 21:18 03.06.2026

Doğulmadan bitən 95 min tale - Ginekoloq abortun fəsadlarını açıqladı

"Abort cərrahi müdaxilədir və hər bir əməliyyat kimi özünəməxsus riskləri var. Qanaxma, infeksiya, orqan zədələnməsi, hətta ölüm riski ilə nəticələnə bilən ağırlaşmalar baş verə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında ginekoloq Rəşad Sultan Azərbaycanda 2025-ci ildə qeydə alınan 95 min abort faktını şərh edərkən deyib.

Həkimin sözlərinə görə, abortdan sonra müxtəlif ağırlaşmaların baş verməsi tibbi praktikada rast gəlinən hallardır:

"Abortdan sonra qeyd etdiyimiz ağırlaşmaların baş verməsi mümkündür və bununla bağlı statistika da mövcuddur. Buna görə də hamilə qaldıqdan sonra abort etdirmək ailə planlaması üsulu hesab edilə bilməz. Ailə planlamasının əsas məqsədi arzuolunmaz hamiləliyin qarşısını almaqdır".

Rəşad Sultan vurğulayıb ki, uşaq sahibi olmaq istəməyən şəxslər ilk növbədə hamiləlikdən qorunma yollarına üstünlük verməlidirlər:

"Bir həkim kimi deyə bilərəm ki, qadın uşaq istəmirsə və buna baxmayaraq hamilə qalıbsa, qanun aborta icazə versə də, bu, tibb işçilərinin tövsiyə etdiyi üsul deyil. Abort ailə planlaması vasitəsi kimi seçilməməlidir".
 


Ginekoloq qeyd edib ki, arzuolunmaz hamiləliklərin qarşısını almaq üçün müasir tibbin təqdim etdiyi müxtəlif qorunma vasitələri mövcuddur:

"Əgər cütlük və ya qadın-kişi uşaq istəmirsə, hamiləlikdən  qorunmalıdır. Hamilə qaldıqdan sonra abort etdirməkdənsə,  bunun qarşısını almaq daha məqsədəuyğundur. Bunun üçün  hormonal preparatlar, spiral və prezervativ kimi vasitələrdən  istifadə etmək mümkündür".

Rəşad Sultanın fikrincə, abortun etik və psixoloji tərəfləri  ilə yanaşı, tibbi riskləri də nəzərə alınmalıdır:

"Abort zamanı və sonrasında qanaxma, infeksiya və digər ağırlaşmaların yaranma ehtimalı mövcuddur. Buna görə də bu məsələyə ciddi yanaşmaq lazımdır".

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı hesabata əsasən, Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda 2025-ci ildə 95 min 117 abort qeydə alınıb.

Bahar Rüstəmli

--> -->