Xəbər lenti

Ekonomiks 17:00 02.06.2026

"Əhalinin milli valyutaya etibarı artır" - İqtisadçı

Bu il iyunun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 12 milyard 712,4 milyon ABŞ dolları olub. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 14,6 % artıb.
 
Son aylarda valyuta ehtiyatlarının artmasına hansı amillər təsir göstərə bilər, bu artım yaxın aylarda da davamlı ola bilər?

Qaynarinfo-nun suallarını cavablandıran iqtisadçı Xalid Kərimli deyir ki, bu artımın yaxın aylarda da davam etməsi gözlənilir. Bunun da müxtəlif səbəbləri var:

"Səbəblərdən biri əhalinin milli valyutaya etibarının artmasıdır. Bu amil Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına da təsir göstərir. Son dövrlərdə depozit strukturunda manatın payı artıb. Eyni zamanda əhali tərəfindən nağd dollar satışları da yüksəlib. Bu da Mərkəzi Bankın bazardan valyuta yığmasını asanlaşdırır. Nəticədə Mərkəzi Bankın ehtiyatları artır və bu, manatın dollara nisbətdə sabit məzənnəsinin qorunmasına imkan verir. Bu sabitlik inflyasiyaya da müəyyən dərəcədə məhdudlaşdırıcı təsir göstərir. Lakin burada vacib nüans odur ki, dolların qlobal bazarda ucuzlaşması halında manat da buna uyğun olaraq dəyişə bilər. Son aylarda isə dolların digər valyutalara qarşı sabit qalması inflyasiya təzyiqinin azalmasına kömək edir. Ötən il isə əks tendensiya müşahidə olunurdu, dollar ucuzlaşdığı üçün manat da buna paralel olaraq dəyər itirirdi.

İkinci mühüm amil idxalın azalmasıdır. Yəni valyuta əsasən idxala yönəlirdi. Keçən ilin eyni dövrü ilə bu ilin göstəricilərini müqayisə etsək, görərik ki, ötən ilin 4 ayında idxal 8,1 milyard dollar olduğu halda, bu ilin 4 ayında 5,5 milyard dollar olub. Bu da valyuta ehtiyatlarının artmasına təsir göstərən əsas faktorlardandır. Belə ki, Neft Fondu əvvəlki illə müqayisədə təxminən eyni həcmdə valyuta satır. Yəni əlavə satış artımı yoxdur. Lakin idxalın azalması nəticəsində bazardan daha az valyuta çıxır və bu da Mərkəzi Bankın ehtiyatlarının yığılmasına şərait yaradır".



İqtisadçı Xalid Kərimli deyir ki, valyuta ehtiyatlarının artmasında digər mühüm məqam isə qeyri-neft ixracının artmasıdır:
 
"Keçən il 4 ay ərzində 971 milyon dollar qeyri-neft ixracı olduğu halda, bu il bu göstərici 1,1 milyard dollara yüksəlib. Bu valyuta birbaşa bazara daxil olur və iqtisadi aktivliyə təsir göstərir. Neft və qaz ixracından əldə olunan vəsait isə Neft Fondunda toplanır və bazara birbaşa təsir etmir. Lakin qeyri-neft ixracından gələn vəsait birbaşa iqtisadi dövriyyəyə daxil olur və cari hesabları gücləndirir".

İdxalın azalma səbəbləri haqqında da danışan həmsöhbətimiz səbəblərindən biri kimi iqtisadi aktivliyin aşağı düşməsini ehtimal edir: "İqtisadi aktivlik azaldıqda idxal da azalır və bu da ümumi valyuta axınlarına təsir göstərir".

Günay İlqarqızı

--> -->