ABŞ-da keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rəsmisi David J. Ruşun evində Federal Tədqiqat Bürosu (FTB) tərəfindən aparılan axtarış zamanı təşkilata aid olduğu iddia edilən 303 qızıl külçə və milyonlarla dollar nağd pul aşkar edilib.
Qaynarinfo xəbər verir ki, Ruş ümumi dəyəri 40 milyon dollardan çox olan qızıl külçələri Virciniyadakı evində gizlədib. O, FTB-yə verdiyi ifadədə bu vəsaitləri "iş məqsədilə qurumdan tələb etdiyini” bildirib.
Bununla belə, istintaq iddialara görə, keçmiş məmurun həm qızıl külçələri, həm də böyük məbləğdə nağd pulu şəxsi istifadəsi üçün mənimsədiyi ehtimal olunur. Axtarış zamanı əlavə olaraq təxminən 2 milyon dollar nağd pul və 35 ədəd lüks saat da ələ keçirilib.
Araşdırma genişləndikcə Ruşun dövlət vəzifəsinə təyin olunarkən təhsil və hərbi keçmişi barədə yanlış məlumat verdiyi də ortaya çıxıb. Bundan başqa, onun 77 min dollarlıq qanunsuz hərbi ödəniş aldığı iddia edilir.
Hazırda həbsdə olan keçmiş MKİ əməkdaşına qarşı istintaqın maliyyə cinayətləri ilə məhdudlaşmadığı, daha geniş pozuntuların da araşdırıldığı bildirilir.
Aydın
Şərhlər