Ursula fon der Leyen bildirib ki, Ukraynanın Avropa İttifaqı tərəfindən maliyyə dəstəyi alması qitənin təhlükəsizliyi baxımından həlledici əhəmiyyət daşıyır.
Qaynarinfo xəbər verir ki, bu barədə o, Almaniya kansleri Fridrix Merz və Belçikanın baş naziri Bart de Veverlə görüşün yekunlarına dair danışıb.
Fon der Leyen qeyd edib ki, danışıqların əsas mövzusu dondurulmuş Rusiya aktivlərinin Ukraynanın dəstəklənməsi üçün istifadəsi olub.
"Bu məsələ ilə bağlı çox konstruktiv fikir mübadiləsi apardıq. Belçikanın dondurulmuş rus aktivlərindən istifadəyə dair xüsusi mövqeyi danılmazdır və elə şəkildə həll olunmalıdır ki, bütün Avropa ölkələri eyni risk yükünü daşısın”, deyə o vurğulayıb.
Avrokomissiyanın rəhbəri həmçinin bildirib ki, Rusiya aktivlərinin istifadəsi məsələsi 18 dekabrda keçiriləcək Avropa Şurasının iclasında da müzakirə olunacaq.
4 dekabrda məlum olub ki, Avropa İttifaqı Ukraynaya yardım məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə planını dəyişib. Bu dəyişiklik Belçikanın - Rusiya tərəfindən mümkün qisas təhlükəsindən ehtiyatlanan ölkənin - mövqeyini nəzərə almaq üçün edilir.
Bundan bir gün əvvəl Almaniya kansleri Fridrix Merz təcili şəkildə Brüsselə yollanmışdı ki, Belçikanı Ukraynaya dondurulmuş rus aktivlərindən 165 milyard avronun ayrılmasını nəzərdə tutan "reparasiya krediti” təşəbbüsünü dəstəkləməyə razı sala bilsin.
Alpər
Şərhlər