"Google” son 25 ilin ən böyük axtarış sistemi yeniləməsini təqdim edib. Şirkət faktiki olaraq özünün klassik axtarış modelini dəyişir: sürətli keçidlər əvəzinə sistem artıq süni intellekt vasitəsilə hazır cavablar generasiya edir və süni intellekt (AL) agentləri ilə tapşırıqları yerinə yetirir.
Qaynarinfo xəbər verir ki, Pcforum.hu-nun yazdığına görə, bu dəyişiklik fonunda alternativ axtarış xidmətlərinə maraq kəskin artıb. İstifadəçilər internetdə informasiya axtarışının ənənəvi formasını qoruyan alternativ həllərə daha çox yönəlirlər.
Məsələn, "DuckDuckGo” tətbiqinin həftəlik yüklənmələrində orta hesabla 18 faiz artım qeydə alınıb, pik günlərdə isə bu göstərici təxminən 30 faizə çatıb. "iOS” platformasında artım daha yüksək olub – bir gün ərzində yüklənmələr 69 faizə qədər yüksəlib.
Bundan əlavə, süni intellekt funksiyaları olmayan "DuckDuckGo” versiyasına da xüsusi maraq yaranıb. 20–25 may tarixlərində, "Google”un axtarış yeniləməsi planlarını açıqladığı həftədə bu versiyaya tələbat 28 faiz artıb.
"DuckDuckGo” artıq öz süni intellekt alətlərini də inkişaf etdirir. Şirkətin "Duck.ai” servisi "Anthropic”, "OpenAI” və "Mistral AI” modellərinə çıxış imkanı yaradır.
Əsas fərq yanaşmadadır: burada bütün AI funksiyaları könüllüdür. İstifadəçi istəsə neyron cavabları, AI ilə yaradılan şəkilləri və generativ funksiyaları söndürə bilər.
Bundan əlavə, "DuckDuckGo” məxfiliyə xüsusi önəm verir. Şirkətin açıqlamasına görə, istifadəçi axtarış tarixçəsi saxlanılmır, AI söhbətləri 30 gün ərzində silinir və bu məlumatlar modellərin öyrədilməsi üçün istifadə olunmur.
"Google” isə hələlik ənənəvi axtarış formatını saxlayır və istifadəçilər yenə də keçid siyahılarını görürlər. Lakin şirkət getdikcə "AI Mode” və "AI Overviews” funksiyalarını genişləndirir ki, bu da klassik nəticələri tədricən kölgədə qoya bilər.
Axtarış nəticələrində artıq daha çox daxili bloklar – tövsiyələr, videolar, reklamlar və süni intellekt cavabları yer alır. Bu isə orijinal keçidlərin görünməsini azaldır.
"Google” hələlik tam keçid üçün dəqiq tarix açıqlamayıb və dəyişikliklərin "yaxın zamanda” baş verəcəyini bildirir. Ekspertlər hesab edirlər ki, belə bir transformasiya istifadəçilərin alternativ axtarış sistemlərinə keçidini daha da sürətləndirə bilər.
Aydın
Şərhlər