Hindistanın Kolkata şəhərində argentinalı futbol ulduzu Lionel Messinin nəhəng heykəli dayanıqsız olduğu üçün sökülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Asian News International” agentliyi X sosial şəbəkəsində məlumat yayıb.
Heykəl 2025-ci ilin dekabrında Messinin Hindistana səfəri zamanı açılmışdı. Hündürlüyü 21 metr olan qızılı rəngli abidə futbolçunu dünya çempionluğu kuboku ilə təsvir edirdi.
Məlumata görə, yerli sakinlər güclü külək zamanı konstruksiyanın yelləndiyindən şikayət ediblər. Qərbi Benqal ştatının qanunverici məclisinin deputatı Şaradvat Muxerci mayın 27-də bildirib ki, mühəndislər heykəli təhlükəli hesab ediblər.
38 yaşlı Lionel Messi futbol tarixinin ən titullu oyunçusu hesab olunur. O, 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu olub.
Messi həmçinin dörd dəfə UEFA Çempionlar Liqasının qalibi, on dəfə İspaniya çempionu və iki dəfə Amerika Kubokunun qalibidir. Səkkizqat "Qızıl top” mükafatı sahibi olan futbolçu 2023-cü ildən ABŞ-ın "İnter Mayami” klubunda çıxış edir.
Aydın
Şərhlər