Xəbər lenti

Şimal Qütbündə qorxulu ərimə:
Dünya 19:38 31.05.2026

Şimal Qütbündə qorxulu ərimə: "Cəsəd Burnu" yüzillər sonra üzə çıxdı

Qlobal istiləşmə Svalbard arxipelaqında yerləşən tarixi məzarlıqları üzə çıxarır. "Cəsəd Burnu” (Likneset) adlanan bölgədə əsrlər boyu donmuş halda qalan torpaqların əriməsi nəticəsində 17–18-ci əsrlərdə burada dəfn edilən dənizçilərə aid skeletlər yenidən üzə çıxır.

Qaynarinfo xəbər verir ki, Şimal Buzlu Okeanının kənarında yerləşən Svalbard adalarında donmuş torpaqların sürətlə əriməsi keçmişin qaranlıq səhifələrini ortaya çıxarır. Likneset – yəni "Cəsəd Burnu” adlanan ərazidə aparılan müşahidələr göstərir ki, iqlim dəyişikliyi səbəbindən bir zamanlar tamamilə donmuş hesab edilən məzarlıqlar tədricən açılır.

Balina ovunun izləri və sənaye başlanğıcı

Balina yağına olan ehtiyac 16–17-ci əsrlərdə Avropada sənaye inkişafını sürətləndirən əsas amillərdən biri idi. Holland səyyahı Villem Barents 1596-cı ildə Spitsbergen adasını kəşf etdikdən sonra bölgənin balinalarla zəngin olduğu müəyyən edilmişdi. 1612-ci ildən etibarən burada sistemli balina ovu başlayıb və qısa müddətdə Svalbard Avropanın əsas ov mərkəzlərindən birinə çevrilib.

17-ci əsrin sonlarına doğru isə intensiv ov səbəbindən balinalar sahil sularından uzaqlaşıb açıq dənizlərə çəkilmişdi. Ovçular da bu dəyişiklikdən sonra açıq dənizlərdə işləməyə və balina yağını gəmilərdə emal etməyə başlayıblar.

İnsan itkilərinin izi

Svalbard Muzeyinin məlumatına görə, o dövrdə hər yay yüzlərlə gəmi buzlaqlar arasında balina ovuna çıxırdı. Likneset bölgəsi həmin dövrdə ölən gənc dənizçilərin dəfn olunduğu yerlərdən biri idi.

"Cəsəd Burnu” adı da məhz bu tarixi praktikanın nəticəsi olaraq formalaşıb.

İqlim dəyişikliyi ilə üzə çıxan skeletlər

Norveç Mədəni İrs Tədqiqat İnstitutu və Oslo Universitet Xəstəxanasının araşdırmaları göstərir ki, ərimə prosesi nəticəsində məzarlıqlar açılır və insan qalıqları üzə çıxır. Tədqiqatçılar bu materialları həmin dövrün həyat şəraitini öyrənmək üçün nadir imkan kimi qiymətləndirirlər.

Aparılan analizlər göstərib ki, skeletlərin böyük əksəriyyəti 20–25 yaş arası kişilərə aiddir. Araşdırılan 19 nəfərdən 18-də sinqa (C vitamini çatışmazlığı) əlamətləri aşkarlanıb. Bundan əlavə, uşaqlıq dövründə qidalanma çatışmazlığı və raxit izləri də müəyyən edilib.

Ağır iş və erkən ölüm

Kəllə və sümüklərdə aşkar edilən deformasiyalar, sınıqlar və oynaq problemləri bu insanların çox ağır fiziki şəraitdə çalışdığını göstərir. Tədqiqatçılara görə, bu tapıntılar Avropanın erkən sənaye dövründə balina ovçuluğunun insan həyatı üzərində yaratdığı ağır təsiri ortaya qoyur.

Eyni zamanda, iqlim dəyişiklikləri səbəbindən bu tarixi arxivlər yox olmaq təhlükəsi ilə üz-üzədir. Əbədi donmuş torpaqların əriməsi və sahil eroziyası bu məzarlıqların tamamilə itirilməsinə səbəb ola bilər.

Aydın
--> -->