İtaliyada ölkənin NATO üzvü kimi öhdəlikləri çərçivəsində hərbi xərclərin artırılmasından imtina edilməsinin zəruriliyi barədə çağırışlar getdikcə güclənir. İtaliyanın Baş naziri Corcia Meloni yaxın keçmişdə hərbi xərcləri 2035-ci ilə qədər ÜDM-in 5 faizinə çatdıracağına söz vermişdi. Bu vəd böyük ölçüdə Ağ Ev rəhbəri Donald Trampla yaxşı münasibətlər fonunda verilmişdi. Tramp isə ABŞ-ın bütün Avropa müttəfiqlərindən bunu tələb edir. Lakin indi Meloni ilə Tramp arasındakı münasibətlərdə çatlar yaranıb. Daha vacibi isə odur ki, İran müharibəsi və onun yaratdığı enerji böhranı fonunda hərbi xərclərin artırılması Roma üçün maliyyə baxımından qəbuledilməz hala gəlib və 2027-ci ildə keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi baxımdan da mübahisəli mövzuya çevrilib.
Qaynarinfo xəbər verir ki, İtaliya NATO-nun üzv ölkələri arasında 2035-ci ilə qədər müdafiə xərclərini milli ÜDM-in 5 faizinə çatdırmaq hədəfini tərəddüdsüz dəstəkləyən dövlətlərdən biri idi. Bu təşəbbüsə ABŞ Prezidenti Donald Tramp fəal şəkildə təkan verirdi. Lakin 2026-cı ilin yazına doğru İran müharibəsinin nəticəsi olaraq enerji qiymətlərinin kəskin bahalaşması İtaliyada siyasi konsensus formalaşdırmağa başlayıb. Siyasi dairələr hesab edirlər ki, hərbi xərclərin artırılması ölkə üçün həddindən artıq ağır yükdür və dövlət vəsaitlərinin yönəldilməsi üçün daha vacib sahələr mövcuddur.
Mərkəz-sol yönümlü Demokrat Partiyasından senator və keçmiş maliyyə nazirinin müavini Antonio Miziani Baş naziri sərt tənqid edərək bildirib:
"Bir il ərzində Corcia Meloni bizə deyirdi ki, o, Trampla Avropa arasında körpüdür. Lakin belə bir körpü heç vaxt mövcud olmayıb və indi bunun əvəzini ödəmək lazım gəlir. NATO qarşısında götürülmüş 5 faizlik öhdəlik İtaliya üçün tamamilə qeyri-realdır”.
Oxşar fikirlər hakim koalisiyanın üzvü olan ifrat sağçı Liqa Partiyasının bir sıra deputatları tərəfindən də səsləndirilib. Onların sözlərinə görə, seçicilərə niyə dövlət vəsaitlərinin tanklara xərcləndiyini, enerji qiymətlərinin artımından zərər çəkmiş müəssisə və ailələrə dəstəyə yönəldilmədiyini izah etmək getdikcə daha çətinləşir.
İtaliyanın NATO-dakı keçmiş səfiri Stefano Stefanini də son günlərdə bildirib ki, ölkənin yüksək dövlət borcu və büdcə kəsiri Meloniyə müdafiə xərclərinin artım tempini azaltmaqdan başqa seçim qoymur.
Corcia Meloni isə daha balanslı mövqe sərgiləyir. O, may ayının sonunda Avropa İttifaqının "Avropa üçün təhlükəsizlik sahəsində fəaliyyət” (SAFE) proqramı ilə bağlı Romanın yeni planını təqdim edərkən bildirib:
"Vətəndaşlara yalnız müdafiə üçün vəsait olduğunu deyə bilmərik. Böhran şəraitində insanlara və biznesə cavab verə bilməsək, ölkədə qorunacaq heç nə qalmaya bilər. Buna görə də tarazlıq tapmağa çalışmalıyıq”.
İlkin plana əsasən, İtaliya SAFE mexanizmi çərçivəsində Avropa İttifaqından təxminən 15 milyard avro kredit cəlb etməyi nəzərdə tuturdu. Bu vəsait müdafiə xərclərinin 2030-cu ilə qədər ÜDM-in 2 faizindən 2,5 faizinə yüksəldilməsinə imkan verəcəkdi.
Lakin indi Roma yalnız ayrılmış məbləğin təxminən üçdə birindən – 4-5 milyard avrodan istifadə etməyi planlaşdırdığını açıqlayıb. Bu vəsait əsasən artıq müqavilələri imzalanmış layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Bundan əvvəl, apreldə Meloni Brüsseldən "Milli istisna qeydi” (NEC) mexanizminin tətbiqinə icazə verilməsini xahiş etmişdi. Bu mexanizm Aİ ölkələrinə müəyyən müdafiə xərclərini büdcə kəsiri hesablamalarından çıxarmağa imkan verir. İtaliya isə bu güzəştlərin enerji daşıyıcıları ilə bağlı əlavə xərclərə də şamil edilməsini istəyirdi.
Bununla belə, Meloni müdafiə sahəsindəki bütün öhdəliklərdən tam imtina edilməsinin mümkün olmadığını dəfələrlə vurğulayıb.
Baş nazir iyunun 1-də İtaliyanın biznes federasiyalarından birinin tədbirində çıxışı zamanı deyib:
"Həqiqət budur ki, əgər özünüzü müdafiə etməyi bacarmırsınızsa və təhlükəsizliyinizi başqalarının təmin etməsini istəyirsinizsə, bunun əvəzini müstəqillik, suverenlik və milli maraqlarınızı qorumaq imkanları ilə ödəyəcəksiniz. Müdafiə xərcləri azadlığın qiymətidir və mən İtaliyanın azad ölkə olaraq qalmasını istəyirəm”.
Müdafiə xərcləri ilə bağlı müzakirələr həm də seçki kontekstində aktuallaşıb. İtaliya 2027-ci ildə ümumi seçkilərə gedəcək.
Hələ altı ay əvvəl Corcia Meloninin hakimiyyətdə qalmaq şansları kifayət qədər yüksək qiymətləndirilirdi. Onun hökuməti sentyabr ayında respublika tarixinin ən uzunömürlü hökuməti olacaq. Hakimiyyət uzun müddət maliyyə siyasətində ehtiyatlı davranaraq iqtisadi sabitlik hesabına vergilərin azaldılması və sosial xərclərin artırılmasını planlaşdırırdı. Lakin İran müharibəsi və bunun nəticəsində həm qlobal, həm də milli iqtisadiyyatın zəifləməsi bu planları puça çıxarıb.
Üstəlik, iqtisadi problemlər Meloni üçün ciddi siyasi zərbə ilə eyni vaxta təsadüf edib. Yaz aylarında seçicilər Baş nazir və onun partiyasının dəstəklədiyi məhkəmə islahatı üzrə referendumu rədd ediblər. Bu nəticə hökumət üçün xəbərdarlıq siqnalı olub və uzun müddət zəif görünən müxalifət qüvvələrinə yeni impuls verib.
Müşahidəçilərin fikrincə, müdafiə xərclərinin artırılması ilə bağlı əvvəlki vədlərdən geri çəkilmək, xüsusilə də bu vədlərin daha çox Donald Trampa ünvanlandığı nəzərə alınarsa, Meloninin və hökumətin mövqelərini müəyyən qədər gücləndirə bilər.
ABŞ Prezidenti Donald Trampın mümkün tənqidləri də Meloninin xeyrinə işləyə bilər. İtaliyada Trampa qarşı mənfi münasibət kifayət qədər güclüdür. May ayında keçirilən "Ipsos” sorğusuna görə, italiyalıların 77 faizi Trampa mənfi yanaşır. Bu səbəbdən Trampın Melonini müdafiə xərclərinin yetərsizliyi ilə bağlı tənqid etməsi onun İtaliya ictimai rəyində və seçicilər arasında mövqeyini daha da gücləndirə bilər.
Aydın
Şərhlər