Afrikada son dövrlərdə artan Ebola halları gələn ay başlanacaq FIFA Dünya Kuboku ərəfəsində ev sahibi ölkələrdə ictimai səhiyyə qurumlarını hərəkətə keçirib. Səhiyyə mütəxəssisləri, böyük miqyaslı beynəlxalq tədbirin yoluxucu xəstəliklərin yayılması riskini artıra biləcəyi barədə xəbərdarlıq edir.
Qaynarinfo xəbər verir ki, milyonlarla futbol azarkeşinin Şimali Amerikaya — ABŞ, Kanada və Meksikaya axın edəcəyi Dünya Kuboku öncəsi Ebola və digər bəzi viruslarla bağlı narahatlıqlar gündəmə gəlib.
Rəsmi qurumlar riskin aşağı olduğunu bildirir
ABŞ səhiyyə rəsmiləri ölkədə genişmiqyaslı Ebola epidemiyasının baş vermə ehtimalının çox aşağı olduğunu vurğulasa da, böyük stadionlar və izdihamlı tədbirlərin yoluxma riskini tamamilə aradan qaldırmadığı qeyd olunur.
ABŞ, Kanada və Meksikadan birgə addım
ABŞ Dövlət Departamenti Kanada və Meksika ilə birlikdə yayımladığı açıqlamada Afrikadakı Ebola yayılmasına diqqət çəkib və yüksək riskli bölgələrdən gələn şəxslər üçün yeni sağlamlıq tədbirlərinin tətbiq olunduğunu bildirib.
Birgə açıqlamada qeyd olunur ki, bu koordinasiyalı yanaşma həm sərhədlərdə təhlükəsizliyi təmin etməyi, həm də Dünya Kuboku zamanı ölkəyə gələcək milyonlarla insanın sağlamlığını qorumağı hədəfləyir.
Mütəxəssislərin xəbərdarlıqları
Baylor Tibb Kollecindən Dr. Peter Hotez CNN International-a açıqlamasında bildirib ki, Dünya Kuboku zamanı böyük bir yoluxma hadisəsi ehtimalı sıfır deyil, lakin yüksək də deyil. Onun sözlərinə görə, mümkün risklərə qarşı hazırlıqlı olmaq vacibdir.
"International SOS" təşkilatının regional tibbi direktoru Dr. Katerin O’Reilli isə Ebola virusunun Şimali Amerikaya yayılma riskinin hələ də aşağı olduğunu, lakin ehtiyat tədbirlərinin zəruri olduğunu vurğulayıb. O, keçmiş epidemiyalarda yoluxmuş şəxslərin hava yolu ilə digər ölkələrə keçə bildiyini xatırladaraq, qeyri-müəyyənliklərin tam aradan qalxmadığını bildirib.
Qeyd olunan məhdudiyyətlər
ABŞ son həftələrdə Demokratik Konqo Respublikası, Uqanda və Cənubi Sudan kimi ölkələrə səyahət etmiş bəzi şəxslərin ölkəyə girişinə məhdudiyyətlər tətbiq edib. Kanada və Meksika da bu ölkələrdən gələn şəxslər üçün əlavə karantin və yoxlama tədbirləri həyata keçirir.
Mütəxəssislər böyük beynəlxalq idman tədbirlərinin xəstəliklərin yayılması üçün potensial risk yaratdığını desələr də, hazırkı qiymətləndirmələr genişmiqyaslı Ebola epidemiyası ehtimalının aşağı olduğunu göstərir.
Aydın
Şərhlər