Estoniya Rusiya tərəfindən yarana biləcək potensial təhlükəyə qarşı hazırlıqları gücləndirərək müdafiə planlamasını gündəlik həyatın bir hissəsinə çevirir. Ölkə rəhbərliyi sığınacaqlar şəbəkəsini genişləndirir, əhalinin təxliyəsi üzrə iri təlimlər təşkil edir, məktəblilərə pilotsuz uçuş aparatlarının idarə olunmasını öyrədir və hərbi xərcləri artırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” yazır.
Xüsusi diqqət Rusiyayla həmsərhəd olan şərq bölgələrinə yönəldilib. Tartu şəhərində yerli hakimiyyət artıq kütləvi təxliyə və qəfil hücumlara cavab ssenarilərini məşq edir. 2028-ci ilə qədər burada 100 min nəfər üçün müvəqqəti sığınacaqların yaradılması planlaşdırılır.
Uşaq bağçalarının rəhbərləri böhran hazırlığı kurslarından keçir və radioqəbuledicilər, tibbi ləvazimat dəstləri və səyyar sobalar daxil olmaqla fövqəladə avadanlıqlarla təmin olunurlar.
Bununla yanaşı, Estoniya məktəblərinin yuxarı sinif şagirdlərinə dronlarla işləmək öyrədilir. Estoniya və qonşu Latviya ərazisində isə zirehli texnika və yüzlərlə pilotsuz aparatın iştirakı ilə NATO-nun genişmiqyaslı hərbi təlimləri mütəmadi keçirilir.
Tallin hesab edir ki, müharibədən yayınmağın ən yaxşı yolu Moskvaya müdafiəyə hazır olduğunu göstərməkdir. Buna görə də ölkə yalnız hərbi imkanların deyil, həm də mülki əhalinin böhran vəziyyətlərinə hazırlanmasının üzərində dayanır.
"Çəkindirmə məhz belə işləyir. Rusiya tərəfindən işğal olunmamaq üçün hər zaman hazır olmalısınız. Nə qədər çox hazırlaşsanız və nə qədər hazırlıqlı olsanız, Rusiya da asan qələbənin mümkün olmadığını bir o qədər yaxşı anlayacaq", deyə Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzinin eksperti Marek Koxv bildirib.
Estoniya rəsmilərinin sözlərinə görə, hazırda Rusiya ölkə üçün birbaşa hərbi təhlükə yaratmır, çünki onun resurslarının böyük hissəsi Ukraynaya qarşı müharibədə istifadə olunur. Bununla belə, hərbi əməliyyatlar başa çatdıqdan sonra Moskvanın diqqətini Baltik regionuna yönəldə biləcəyi istisna edilmir.
Estoniya artıq NATO daxilində müdafiə xərclərinin ÜDM-də payına görə lider ölkələrdən biridir. Kiçik alyans ölkəsinin hökuməti onilliyin sonunadək bu göstəricini ÜDM-in 5,4 faizinə çatdırmağı planlaşdırır. Vəsaitlər əsasən hava hücumundan müdafiə sistemlərinin, pilotsuz texnologiyaların və ABŞ istehsalı olan yüksəkmobilli reaktiv artilleriya sistemlərinin inkişafına yönəldilir.
ABŞ-ın Avropadakı hərbi mövcudluğunun mümkün azaldılması ilə bağlı müzakirələr fonunda Tallin NATO üzrə digər müttəfiqlərlə, xüsusilə Böyük Britaniya və Fransa ilə əməkdaşlığı da fəal şəkildə gücləndirir.
Son aylarda keçirilən ən iri hərbi tədbirlərdən biri Estoniyada baş tutan "Bahar fırtınası” təlimləri olub. Təlimlərdə NATO ölkələrindən təxminən 12 min hərbi qulluqçu iştirak edib. Təlimlərə müasir pilotsuz texnologiyaların tətbiqi ilə müharibə aparılması sahəsində təcrübələrini bölüşən ukraynalı mütəxəssislər də qoşulublar.
Şərqi Estoniya sakinləri üçün müttəfiq hərbçilərin mövcudluğu artıq adi hala çevrilib. Böyük Britaniya və Fransaya məxsus zirehli texnika karvanları mütəmadi olaraq yerli yollarda hərəkət edir və bu, ölkənin NATO-nun şərq sərhədində istənilən ssenariyə hazırlaşdığını xatırladır.
Aydın
Şərhlər