2020-ci ildən bəri Texasda təxminən 2,5 milyon yeni sakin məskunlaşıb ki, bu da Nyu-Meksiko ştatının əhalisinə bərabər göstəricidir. Bu dəyişiklik seçici tərkibini dəyişib və bu il keçiriləcək Senat seçki kampaniyasında qeyri-müəyyənlik yaradıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Axios” portalı yazır.
Artımın üçdə ikisindən çoxu ABŞ-ın digər regionlarından və ya xarici ölkələrdən köçən insanların payına düşür. Təkcə 2025-ci ildə Texas təxminən 400 min yeni sakin qəbul edib və bu göstərici ilə bütün digər ştatları qabaqlayıb. Ümumi əhali 31,7 milyona çatıb. 2024-cü ilin iyunundan 2025-ci ilin mayına qədər ştatda məskunlaşan 265 min daxili miqrantdan 14 faizi ənənəvi olaraq Demokratlara səs verən Kaliforniyadan gəlib, portal qeyd edir.
Uzun müddət Respublikaçılar 1994-cü ildən etibarən Texasda nəzarəti saxlayıblar. Bu, əsasən kənd rayonlarında güclü dəstək və şəhərətrafı ərazilərdəki uğurlar, həmçinin latınamerikalı seçicilər arasında son illərdə artan təsir hesabına mümkün olub. İndi isə bu qrupların hər birinin siyasi loyallığı sual altındadır. Sürətlə böyüyən uzaq şəhərətrafı zonalar əvvəlki seçki sərhədlərini dəyişir, yeni sakinlər isə "köhnə Texas”ın konservativ baxışlarını bölüşmürlər.
Vəziyyəti ABŞ prezidenti Donald Trampın regiondakı latınamerikalılar arasında artan mənfi reytinqi də çətinləşdirir. "UnidosUS / BSP Research / Shaw & Co.” tərəfindən aparılan sorğuya görə, prezidentə etimadsızlıq 67 faizə yüksəlib. Nümayəndələr Palatası seçkilərində isə demokratlar bu qrupda respublikaçıları 54 faiz qarşı 28 faiz nisbəti ilə qabaqlayır. "Axios”un qənaətinə görə, seçici tərkibindəki bu dəyişikliklər ənənəvi olaraq respublikaçıların üstün olduğu Texasda siyasi balansı dəyişə bilər.
Aydın
Şərhlər