Xəbər lenti

NATO Rusiyanı çəkindirmək üçün Baltik dənizində istehkam hazırlayır
Dünya 13:46 29.05.2026

NATO Rusiyanı çəkindirmək üçün Baltik dənizində istehkam hazırlayır

NATO Rusiyaya qarşı alyansın ən həssas və strateji baxımdan ən vacib ön xəttlərindən biri hesab edilən Baltik dənizindəki küləkli adanı gücləndirmək üçün səylərini artırır.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” nəşri yazır.

Söhbət Rusiyanın yüksək səviyyədə hərbiləşdirilmiş Kalininqrad şəhərindən cəmi 300 kilometr məsafədə yerləşən Qotland adasından gedir. Rusiyanın mümkün aqressiyası, hibrid hücumları və ABŞ-ın Avropa təhlükəsizliyinə bağlılığı ilə bağlı qeyri-müəyyənlik fonunda İsveç və NATO müttəfiqləri Qotlandı yenidən hərbi istehkama çevirməyə çalışırlar.

Ötən həftə İsveç 2024-cü ildə NATO-ya qoşulduqdan sonra adada alyansla koordinasiya edilmiş ilk hərbi təlimlərini yekunlaşdırıb. Təlimlərdə 13 ölkədən təxminən 18 min hərbçi iştirak edib və onlar Qotlandın düzənliklərində Rusiyanın mümkün hücumuna qarşı müdafiə ssenarilərini məşq ediblər.

İsveç Silahlı Qüvvələrinin rəhbəri Mikael Klasson nəşrə bildirib ki, Rusiya hücumu "istənilən an baş verə bilər”. O, bunu hərbçilər zirehli texnikalar arasında manevr etdiyi vaxt deyib.

Nəşrin yazdığına görə, təlimlər İsveçin üzləşdiyi çətinlikləri də üzə çıxarıb. ABŞ iştirakını azaldıb ki, bu da Donald Trampın NATO-dan uzaqlaşma siyasəti ilə əlaqələndirilir. Eyni zamanda təlimlərdə iştirak edən ukraynalı hərbçilər pilotsuz uçuş aparatlarından istifadə bacarıqlarını nümayiş etdirərək İsveçin zirehli bölməsini qısa müddətdə "məhv ediblər”.

Bundan əlavə, Rusiyanın açıq müharibə səviyyəsinə çatmayan gizli hibrid hücumlarına qarşı cavab mexanizmlərinin yenidən uyğunlaşdırılması zərurəti də vurğulanıb.

"Onlar Rusiya fəaliyyətində ciddi artım müşahidə edirlər — kabel xətlərinin kəsilməsi, dron uçuşları, çoxsaylı casusluq halları. ABŞ öhdəlikləri ilə bağlı qeyri-müəyyənliyin artdığı şəraitdə Rusiyanın bundan fürsət kimi istifadə etməsi riski yüksəlir”, deyə "Atlantic Council” analitik mərkəzinin Şimali Avropa üzrə direktoru Anna Vislander bildirib.

Ada-istehkam

Məqalədə qeyd olunur ki, tarix boyu Danimarka, İsveç və qısa müddət ərzində Rusiyanın nəzarətində olmuş Qotland adası mühüm strateji əhəmiyyət daşıyır.

"Müasir silah sistemlərinin məsafə imkanlarını və yerləşməsini nəzərə alsaq, Qotlanda nəzarət edən tərəf Baltik dənizində baş verənlərin böyük hissəsini idarə edə bilər. Ada region üzrə hava əməliyyatları üçün kritik platforma olduğuna görə "batmayan aviadaşıyıcı" adlandırılır. Buradan havaya qalxan qırıcılar Baltik ölkələrinin istənilən paytaxtına bir neçə dəqiqə ərzində çata bilər”, deyə İsveç Müdafiə Araşdırmaları Agentliyinin direktor müavini Niklas Qranholm bildirib.

Onun sözlərinə görə, əgər Rusiya adanı ələ keçirərək hava hücumundan müdafiə sistemləri yerləşdirsə, Baltikyanı ölkələr və Finlandiyaya təchizat aparan gəmi və təyyarələrin hərəkətini bloklaya, həmçinin müttəfiq qüvvələrin bölgəyə göndərilməsinə mane ola bilər. NATO isə Qotlandı nəzarətdə saxlayacağı halda Moskvanın Baltik dənizinə çıxış imkanlarını məhdudlaşdıra, uzaqmənzilli raket sistemləri ilə regionu müdafiə edə və Rusiyanın dərinliklərində yerləşən obyektləri hədəfə ala bilər.

Qotland alayının komandiri Andreas Qustafsson "Politico”ya bildirib ki, hazırda adada yerləşən 4500 hərbçiyə il ərzində ən azı daha min nəfər qoşulacaq. O əlavə edib ki, yaxın gələcəkdə uzaqmənzilli artilleriya bölmələrinin də adaya yerləşdiriləcəyinə ümid edir.

Bundan başqa, 2028-ci ildən etibarən adada orta mənzilli "IRIS-T” hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır.

Baltik ölkələrinin müdafiəsi

Bundan əvvəl Almaniya Müdafiə Nazirliyinin keçmiş aparat rəhbəri Niko Lange bildirib ki, Rusiya Baltik ölkələrinə hücum edərsə, Ukrayna ümumi müdafiə qalxanının bir hissəsinə çevrilə bilər. Onun fikrincə, bu, Kremlin aqressiyadan çəkindirilməsinə kömək edə bilər.

Lange qeyd edib ki, NATO-nun mümkün Rusiya ilə müharibəyə hazırlıq səviyyəsi ölkədən ölkəyə dəyişir. Onun sözlərinə görə, əsas problemlərdən biri ABŞ faktorudur, çünki Vaşinqtonun dəstəyi olmadan belə müdafiə planlarını həyata keçirmək mümkün deyil. ABŞ etibarsız tərəfdaşa çevrilərsə, bütün müdafiə sistemi risk altına düşə bilər.
 
Aydın
--> -->