Xəbər lenti

O olmasaydı,
Texnologiya 20:45 18.04.2026

O olmasaydı, "Nvidia" da olmayacaqdı: Son pulu ilə şirkəti iflasdan xilas edən adam

Bu gün süni intellekt deyildikdə ilk ağla gələn şirkətlərdən biri olan "Nvidia” texnologiya dünyasının zirvəsində dayanır. "OpenAI”dan "Google”a, "Meta”dan böyük data mərkəzlərinə qədər bir çox nəhəng sistem öz gücünü bu şirkətin hazırladığı yüksək performanslı qrafik prosessorlardan alır.

Qaynarinfo xəbər verir ki, sektorda heç bir böyük oyunçu bu aparat gücü olmadan rəqabət aparmağı belə düşünə bilmir. Lakin bugünkü trilyonlarla dollar dəyərə sahib şirkətin arxasında bir zamanlar "yox olma” təhlükəsi dayanırdı.

İflasa 30 gün qalanda: Bir salfetə yazılan plan

Şirkətin qurucusu Censen Huan 1993-cü ildə Kris Malaxovski və Körtis Priem ilə birlikdə yola çıxanda ilkin ideyalar bir restoran masasında peçetə üzərində yazılmışdı. Başlanğıc kapitalı 40 min dollardan bir qədər artıq idi.

Lakin ilk məhsul gözlənilən uğuru gətirmədi. Şirkətin hazırladığı ilk qrafik çip uğursuz oldu və hətta "Microsoft” tərəfindən də diqqətə alınmadı. Bütün inkişaf xərcləri "Nvidia”nın üzərində qaldı.

1996-cı ildə şirkət ağır qərarlar vermək məcburiyyətində qaldı. Təxminən 100 nəfərlik komandanın 60 nəfəri işdən çıxarıldı. O dövrdə şirkət daxilində "iflasa 30 gün qalır” ifadəsi yayılmışdı.

Kritik dönüş: "Sega" investisiyası

Şirkət ən çətin dövrünü yaşayarkən gözlənilməz dəstək videooyun istehsalçısı "Sega”dan gəldi. O vaxt şirkətin rəhbəri Şoichiro İrimaciri Censen Huanın vizyonuna inanaraq riskli bir qərar verdi.

"Nvidia” "Sega” üçün nəzərdə tutulan çipi vaxtında çatdırmasa da, İrimaciri şirkətə 5 milyon dollar sərmayə yatırdı. Bu, "Sega”nın o dövrdəki son maliyyə ehtiyatı idi.

Bu vəsait şirkətə təxminən 6 ay əlavə vaxt qazandırdı və "Nvidia” yeni çip inkişaf etdirərək vəziyyətdən çıxa bildi. 1999-cu ildə şirkət birjaya çıxaraq rəsmi şəkildə böyük texnologiya oyunçusuna çevrildi.

Bu günün nəhəngi

"Nvidia” hazırda təxminən 30 min nəfəri işlə təmin edir və qrafik prosessor bazarında təxminən 88 faiz paya sahibdir. Şirkət son illərdə on milyardlarla dollar gəlir əldə edir və süni intellekt infrastrukturunun əsas dayaqlarından biri hesab olunur.

Lakin bütün bu uğura baxmayaraq, Censen Huan hələ də keçmiş böhran günlərinin təsirini daşıdığını deyir. O, bir çıxışında bildirib ki, şirkət qurub real böhranlardan keçən insanlar bu qeyri-müəyyənlik hissini uzun müddət özləri ilə daşıyır.

Nəticə olaraq, bugünkü "Nvidia”nın formalaşması təkcə texnoloji inkişafın deyil, həm də kritik anda verilmiş riskli bir investisiya qərarının nəticəsi kimi qiymətləndirilir.

Aydın

--> -->