Xəbər lenti

Ölkə bir gəmidirsə, kapitanı kim seçir? - Uşaqlar üçün Konstitusiya
Ölkə 12:25 28.05.2026

Ölkə bir gəmidirsə, kapitanı kim seçir? - Uşaqlar üçün Konstitusiya

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiya maddələrini uşaqlar üçün sadə və anlaşıqlı dildə izah edən ilk məqaləni təqdim edirik: "Xalq hakimiyyəti".

Ölkəmizi bir gəmiyə bənzədək. Biz isə bu gəminin sərnişinləriyik. Ancaq burda çoxlu suallar yaranır. Gəmi hansı istiqamətdə gedəcək? Onun kapitanı kim olacaq? Bəs kapitana kimlər kömək edəcək? Yeməyi kim hazırlayacaq? Açıq dənizdə balıqları kim tutacaq və kim bişirəcək? Gəmidəki uşaqlara kim təhsil verəcək? Bəs əmin-amanlıq necə bərpa olunacaq? Cinayətkarları kim cəzalandıracaq? Suallar çox, lap çoxdur. Ancaq Konstitusiyamızda bütün bu sualların cavabları da mövcuddur.

Belə ki, Konstitusiyamızn birinci fəsli Xalq hakimiyyəti adlanır. "Xalq hakimiyyəti" sözü, bəlkə də, sizə bir az çətin görünə bilər. Gəlin bunu sadələşdirək. Xalq – sənsən, sənin valideynlərin, müəllimlərin və dostlarındır. Hakimiyyət isə qərar vermək gücü deməkdir. Yəni, ölkəmizdə ən böyük söz sahibi bizik – xalqdır!

Bəs konstitusiyamızın "Xalq hakimiyyəti” adlanan birinci fəslinin birinci maddəsi nədən bəhs edir? Oxuyuruq: "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”.

Xalqın nə olduğu ilə bağlı suala isə birinci maddə belə cavab verir: Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir.

Bu zəruri izahlardan sonra gəmi məsələsinə qayıdaq. Gəminin kapitanı da məhz gəminin sakinləri, başqa cür desək, gəmi xalqı tərəfindən seçilir. Müəyyən müddətə gəmini idarəetmə səlahiyyəti xalqın seçdiyi kapitana verilir. O da öz komandası ilə gəmini yəni dövləti idarə edir.

Ancaq gəmi kapitanı və kapitanın komandasının eləcə də digər sərnişinlərin yəni bütöv xalq üçün qanunlara da ehtiyac var. Axı qanunlar olmasa ölkədə ağız deyəni qulaq eşitməz. Bunun üçün də parlamentə gərəkdir. Parlamentin üzvlərini yəni deputatları da xalq seçir. Deputatların da işi qanun qəbul etməkdir.

Deməli, xalqın seçdiyi Prezident ölkəni idarə edir. Xalqın seçdiyi parlament isə qanunlar qəbul edir. Xalqın işi təkcə seçki ilə yekunlaşmır. Belə ki, ölkənin yeni Konstitusiyası da ümumxalq səsverməsi yəni referendumla həyata keçirilməlidir. Üçüncü maddədə də bu hüquq öz əksini tapmışdır: "Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər”.

Göründüyü kimi, Konstitusiyamızın əsasında Azərbaycan xalqı dayanır. Xalq konstitusiyanı referendumla, prezident vəı parlament hakimiyyətini isə seçki yolu ilə formalaşdırır. İlk maddədə də qeyd edildiyi kimi, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

Müəllif: Tural Cəfərov
--> -->