Qlobal avtomobil sənayesini uzun müddətdir rahat buraxmayan yarımkeçirici böhranı iri istehsalçıları çətin vəziyyətdə qoymaqda davam edir.
Qaynarinfo xəbər verir ki, son olaraq Yaponiya avtomobil nəhəngi "Honda” tədarük zəncirində yaranan problemlərə görə istehsalı müvəqqəti dayandıracağını açıqlayıb. Bir müddətdir sabitləşəcəyi gözlənilən çip tədarükü bu dəfə texniki səbəbdən deyil, geosiyasi şahmat oyununun mərkəzində qalıb.
Şirkətin yaydığı məlumata görə, "Honda” Yaponiyadakı zavodlarında 5 və 6 yanvar tarixlərində istehsala fasilə verəcək. Hansı müəssisələrin bu qərardan təsirlənəcəyi dəqiqləşdirilməsə də, dayandırmanın genişmiqyaslı olduğu bildirilir. Oxşar vəziyyət Çindəki əməliyyatlara da aiddir. Markanın Çində yerləşən üç iri istehsal müəssisəsi 29 dekabr–2 yanvar tarixlərində fəaliyyətini dayandıracaq.
Əvvəlcə istehsalın noyabrın sonuna qədər normallaşacağını hesablayan "Honda” rəhbərliyi üçün planlar özünü doğrultmayıb. Sənaye nümayəndələri avtomobil sektorunun bu cür siyasi gərginliklərə qarşı hələ də kifayət qədər hazırlıqlı olmadığını və böhranın dərinləşə biləcəyini bildirirlər.
Bu fasilənin arxasında duran səbəb diqqətçəkicidir: Niderlandda yaşanan bir "vəkalət savaşı”. Hadisələr Niderland hökumətinin Çinə məxsus mikroçip istehsalçısı "Nexperia”ya əl qoyması ilə başlayıb. Aşağı texnologiyalı olsa da, avtomobillər və məişət texnikası üçün həyati əhəmiyyət daşıyan çiplər istehsal edən şirkətə edilən bu müdaxilə Pekinin sərt reaksiyasına səbəb olub.
Çin rəhbərliyi bu addıma cavab olaraq "Nexperia” çiplərinin ixracını məhdudlaşdırıb. Tərəflər arasında aparılan danışıqlardan sonra məhdudiyyətlər qismən yumşaldılsa da, tədarük zəncirində yaranan zərər hələ də aradan qaldırılmayıb.
Niderland hökuməti şirkətə əl qoyma səbəbi kimi "idarəetmə çatışmazlıqlarını” göstərsə də, pərdəarxasında texnoloji sızıntı ilə bağlı narahatlıqların olduğu bildirilir. Bu gərginlik avtomobil ehtiyat hissələrinin sərhədlərarası hərəkət zamanı nə qədər həssas olduğunu bir daha nümayiş etdirib.
Çip böhranı artıq sadəcə istehsal problemi deyil, dövlətlərarası diplomatiya məsələsinə çevrilib. "Honda”nın üzləşdiyi son fasilə avtomobil dünyasında vəziyyətin yaxın zamanda sakitləşməyəcəyinə işarə edir.
Aydın
Şərhlər