Xəbər lenti

Video 17:00 18.12.2025

"Qala Sığorta" yanan BMW-yə sığorta ödəməyəcək: "Sürücü tamaşa edib..." (VİDEO)

Bu ilin iyul ayında Goranboy rayonu, Qazanbulaq qəsəbəsində 77-LC-074 dövlət nömrə nişanlı "BMW 535i" markalı avtomobilin yanmasına görə "Qala Sığorta" Açıq Səhimdar Cəmiyyəti (ASC) sığorta ödənişi etməyəcək.  

Qaynarinfo-nun məlumatına görə, bu barədə məhkəmə qərar verib. 

1995-ci təvəllüdlü Alixan Həsənov məhkəmədə "Qala Sığorta" ASC barəsində 43.140 manat zərərin, həmçinin mənəvi zərər kimi isə 7.000 manat pulun və dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılması ilə bağlı iddia qaldırıb. İddiaçı bildirib ki, "Qala Sığorta" ASC tərəfindən ona sığorta ödənişi olunmaması nəticəsində əsəb, stres və sarsıntı keçirib: 

"Hadisə olan zaman sığorta şirkəti tələb etdi ki, maşın hadisə yerində qalsın. Bakıdan gəlib nümunə götürəcəklər. Bir həftə sonra maşından oğurluq oldu. Sığorta şirkəti dedi ki, maşını götür, artıq loboratoriyadan gəlib nümunə götürüblər".

"Qala Sığorta" ASC isə Alixan Həsənov tərəfindən qəsdən törədildiyinə şübhə yarandığı üçün sığorta ödənişi etməkdən imtina edildiyini bildirib:  

"Qeyd olunan sığorta növü üzrə sığorta hadisəsinin baş verməsinin mühüm şərti ondan ibarətdir ki, hadisə təsadüf nəticəsində baş verməli, başqa sözlə sığorta olunan şəxsin qəsdi, yaxud səhlənkarlığı nəticəsində baş verməməlidir. Hadisə yerinə keçirilən baxışdan və şahidlərin izahatlarından güman olunur ki, yanğın avtomobilin elektrik naqillərində baş verən elektrotexniki qəza səbəbindən baş verib. Avtomobilin sahibi tərəfindən elektrik naqilləri qəza törədə biləcək vəziyyətdə idarə olunub və yanğına səbəb olub. Hətta iddiaçı avtomobilin mühərrik hissəsinin sağ tərəfinin salona yaxın hissəsində xırda bir yerdə baş verən tüstülənmənin tədricən alışmasına və alovlanmasına bir müddət tamaşa edib və hər nədənsə bu qədər müddət ərzində kiçik bir su və ya torpaqla söndürülə biləcək yanğına müdaxilə etməyib".

Məhkəmənin hökmü ilə Alixan Həsənovun iddia təmin edilməyib. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilib. 

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->