Xəbər lenti

Dünya 14:30 29.05.2026

"Qiyamət buzlağı" ilə bağlı alimləri çaş-baş salan proqnoz: "Mütləq yox olacaq"

Peyk müşahidələri Qərbi Antarktidada yerləşən və "Qiyamət buzlağı” kimi tanınan Tveyts buzlağını saxlayan şelf buzlağında kritik çatların yarandığını göstərib. Alimlər bildirirlər ki, bu proses buz kütləsinin sürətlə əriməsinə və dünya okeanı səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Live Science” yazır.

Şelf buzlağı — əsas buzlağı yerində saxlayan və onun okeana sürətlə axmasının qarşısını alan üzən buz qatıdır. Hazırda məhz bu struktur sürətlə çatlayaraq sabitliyini itirir.

Maqnitoloq və geofizik Robert Larter bildirib ki, şelf buzlağı faktiki olaraq dağılmağa hazır vəziyyətdədir.

"Biz bunun necə baş verəcəyini dəqiq bilmirik, amma o, mütləq yox olacaq”, deyə alim qeyd edib.

Tveyts buzlağı niyə "Qiyamət buzlağı” adlanır?

Tveyts buzlağı Yer kürəsinin ən böyük buz kütlələrindən biridir və təxminən ABŞ-ın Florida ştatı qədər əraziyə malikdir. Bəzi yerlərdə onun qalınlığı 2 kilometrdən çoxdur.

Əgər buzlaq tamamilə sabitliyini itirərsə, dünya okeanı səviyyəsi təxminən 65 santimetr arta bilər. Bu isə sahilyanı şəhərlər və milyonlarla insan üçün ciddi risk yaradır.

Buzlaq onilliklərdir əriyir

Alimlərin məlumatına görə, Tveyts buzlağı 1980-ci illərdən bəri sürətlə kütlə itirir. Səbəb isə okeanın isti sularının buzlağın altına daxil olaraq onu aşağıdan əritməsidir. 1992-ci ildən bu günə qədər buzlaq təxminən 20 kilometr geri çəkilib.

Yeni araşdırmalar göstərir ki, 2067-ci ilə qədər buzlaq hər il təxminən 200 milyard ton buz itirə bilər.

İqlim dəyişiklikləri ilə əlaqə

Tədqiqatçılar bu prosesin əsas səbəbini Cənub yarımkürəsində okean cərəyanları və külək rejimlərinin dəyişməsi ilə əlaqələndirirlər.

Alimlərin fikrincə, isti və duzlu su şelf buzlağının altını daha aktiv şəkildə aşındırır və onun dağılmasını sürətləndirir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə buzlaq sistemlərinin məhv olması iqlim üçün "geri dönüşü olmayan nöqtə” ola bilər, çünki proses bir dəfə başladıqdan sonra minilliklər boyu dayandırılması mümkün olmaya bilər.
 
Aydın
--> -->