Xəbər lenti

Rumıniya evə çırpılan rus dronunu niyə vurmayıb? - MN-dən açıqlama
Dünya 14:51 29.05.2026

Rumıniya evə çırpılan rus dronunu niyə vurmayıb? - MN-dən açıqlama

Rumıniya Müdafiə Nazirliyi hərbçilərin Qalaç şəhərində 10 mərtəbəli yaşayış binasına çırpılan rus pilotsuz uçuş aparatını (PUA) niyə zərərsizləşdirə bilmədiyini açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Digi 24” telekanalı məlumat yayıb.

Briqada generalı George Maksim bir neçə əsas səbəb göstərib. Onun sözlərinə görə, ilk məhdudiyyət hüquqi xarakter daşıyır:

"Biz qonşu ölkənin hava məkanına təsir edə biləcək şəkildə atəş aça bilmərik. Bundan əlavə, hədəfi vurmaq üçün aşkar etmə, identifikasiya və zərərsizləşdirmə mərhələləri lazımdır. Bizim ixtiyarımızda olan 4 dəqiqə həddən artıq qısa müddət idi”.

Həmçinin "Gepard” zenit sistemlərinin işləməməsi də izah olunub. Generalın sözlərinə görə, sülh dövründə hərbi texnikanın şəxsi torpaqlara və obyektlərə yerləşdirilməsi üçün mülkiyyət sahiblərinin razılığı tələb olunur.

"Bizə torpaq və obyekt sahiblərinin razılığı lazımdır. Ona görə də bu sistemləri yalnız razılıq verilən yerlərdə yerləşdiririk. Digər yerlərdə yerləşdirə bilmirik”, deyə Maksim qeyd edib.

O həmçinin bildirib ki, mövcud hava hücumundan müdafiə sistemləri 2023-cü ildən əvvəl hazırlanıb və müasir "dron müharibəsi” üçün tam uyğun deyil.

Nazirlik nümayəndəsi Kristian Popoviçi isə vurğulayıb ki, ordu qarşısını ala biləcəyindən daha böyük risk yaratmaq istəmir və hərbi əməliyyatların ciddi hüquqi çərçivə daxilində aparıldığını bildirib.

İnsident nəticəsində Rusiya dronu Qalaç şəhərində yaşayış binasına düşüb, partlayış və yanğın baş verib. NATO hadisəni "Rusiya tərəfindən məsuliyyətsiz davranış” kimi pisləyib, Rumıniya isə müttəfiqlərdən antidron vasitələrinin sürətlə verilməsini istəyib.
 
Aydın
--> -->