Xəbər lenti

Rusiya Azərbaycan-Mərkəzi Asiya masasına gəlir? (ŞƏRH)
Dünya 18:39 19.12.2025

Rusiya Azərbaycan-Mərkəzi Asiya masasına gəlir? (ŞƏRH)

"Kreml 5+1 formatına qoşulmağa düşdüyü iqtisadi durumdan çıxış yolu kimi baxır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiyanın da Azərbaycanla Mərkəzi Asiya ölkələrinin təmsil olunduğu 5+1 formatına qoşulmaq istəyini şərh edərkən deyib. 

Ekspert bildirir ki, 5+1 formatının mahiyyəti əsasən Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın inteqrasiyasını gücləndirmək, Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişafa nail olmaq və Asiya ilə Avropanı birləşdirən nəqliyyat layihələrini həyata keçirməkdir: 

"Habelə, Orta dəhliz, Şərq-Qərb adlandırılan transmilli nəqliyyat dəhlizlərinin həyata keçirilməsini təmin etməkdir. Rusiyanın 5+1 formatına qoşulmaq istəyi normal qarşılanmalıdır. Həqiqətən də Rusiya 5+1 formatı ölkələrinin sərhəd qonşusu olmaqla yanaşı, onun bu ölkələrdə təsir imkanları vardır. Rusiyanın bu formatda iştirak etmək istəyi təbiidir. Moskva hətta TDT-da təmsil olunmaq istəyir. Bununla yanaşı bu ölkələr MDB-nin üzvləridir. Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) Türkmənistanla xaric əməkdaşlıq edirlər".
 


Politoloq onu da qeyd edir ki, Rusiyanın Ukraynada yürütdüyü işğalçılıq siyasəti bu ölkələrdə xoş qarşılanmadığı üçün müəyyən mənada Mərkəzi Asiya və Qafqaz regionu dövlətləri Moskvadan uzaq dayanmağa çalışırlar: 

"Rusiyanın Tacikistandakı səfirlik nümayəndəsinin bu fikirlərində müəyyən üstüörtülü məqamlar, məsələn "əhatəli təhlükəsizlik arxitekturası" kimi təhdid xarakterli ritorika da hiss edilir. Amma bunun format ölkələrinin müstəqilliyin qorunması ilə əlaqələndirilməsi də ayrı nüansdır. Rusiyanın işğalçı imici fonunda bu fikrin qəbul edilməsi şübhələr doğursa da, Moskvanın səmimiliyinə inanmaq format ölkələrinin öz işidir”. 

Ekspert hesab edir ki, Rusiyanın 5+1 formatına qoşulmaq istəyinə müsbət cavab veriləcəyi ehtimalı böyükdür:

"Lakin bununla yanaşı, geosiyasi reallıqlar da nəzərə alınmalıdır”.

Qeyd edək ki, Rusiyanın Tacikistandakı səfirliyinin birinci katibi Aleksey Zenko Mərkəzi Asiya və Azərbaycan dövlət başçıları arasında məşvərətçi görüşlər formatına Moskvanın da qoşulmasını nəzərdən keçirməyi məqsədəuyğun hesab edib. 

Düşənbədə çıxış edən rusiyalı diplomat bəyan edib ki, Moskva "Mərkəzi Asiya beşliyi”nin formalaşmasını və Azərbaycanın bu görüşlərə daxil edilməsi qərarını "böyük maraqla izləyir”. O, formata qoşulmağın arqumentləri kimi Rusiyanın regiona "coğrafi və tarixi yaxınlığını”, iqtisadi və nəqliyyat əlaqələrini göstərib.

Zenkonun iddiasına görə, Rusiyanın cəlb edilməsi "koordinasiyanı gücləndirəcək”, "inteqrasiyanı təşviq edəcək” və "daha əhatəli təhlükəsizlik arxitekturası” yaradacaq, eyni zamanda formal olaraq region ölkələrinin müstəqilliyini qoruyacaq. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->