Xəbər lenti

Sakit okeanda nəhəng isti su kütlələri yerini dəyişib: Nəticələri bütün dünya hiss edəcək
Dünya 15:52 29.05.2026

Sakit okeanda nəhəng isti su kütlələri yerini dəyişib: Nəticələri bütün dünya hiss edəcək

NASA peykləri Sakit okeanda genişmiqyaslı isti su axını qeydə alıb. Alimlərin fikrincə, bu, 2026-cı ildə El-Ninyo iqlim hadisəsinin formalaşdığını göstərə bilər.
 
Qaynarinfo Phys.org-a istinadən xəbər verir ki, isti su okeanın ekvatorial hissəsi boyunca şərqə doğru hərəkət edir və artıq Cənubi Amerikanın sahillərinə çatıb.

Söhbət Kelvin dalğaları adlanan böyük isti su axınlarından gedir. Bu axınlar adətən El-Nino başlamazdan bir neçə ay əvvəl yaranır. Onları NASA və Avropa Kosmik Agentliyinin birgə layihəsi olan "Sentinel-6 Michael Freilich” peyki izləyir. Peyk hər 10 gündən bir okean səthinin səviyyəsini ölçür və temperatur dəyişikliklərini aşkar etməyə imkan verir.

NASA-nın açıqlamasına görə, isti su genişləndiyi üçün okean səviyyəsi yüksəlir. Məhz bu səbəbdən alimlər Peru sahillərində su səviyyəsinin normadan 15 santimetrdən çox yüksək olduğunu müəyyən ediblər.

Tədqiqatçılar bildirirlər ki, Kelvin dalğaları qərbi ekvatorial Sakit okeanda külək rejiminin dəyişməsi nəticəsində yaranır. Ticarət küləkləri zəiflədikdə isti su qərbdə toplanır və daha sonra şərqə doğru hərəkət edir.

NASA qeyd edir ki, bir neçə belə dalğanın ardıcıl yaranması El-Ninyo prosesinin inkişafına səbəb olur.

NASA-nın "Jet Propulsion Laboratory"dən alim Coş Uillis bildirib ki, hazırkı proses 1997 və 2015-ci illərdəki güclü El-Nino hadisələrindən bir qədər zəifdir, lakin vəziyyət sürətlə dəyişə bilər.

El-Nino hadisəsi qlobal hava sisteminə ciddi təsir göstərir: bəzi regionlarda güclü yağışlar və daşqınlar, digərlərində isə quraqlıq və istilər yaradır.

Mütəxəssislərin sözlərinə görə, zəif El-Nino illəri əsasən tropik bölgələrə təsir edir, güclü hadisələr isə Afrika quraqlığı və Kaliforniyada daşqınlar kimi geniş nəticələrə səbəb ola bilər.

NASA bildirir ki, El-Nino adətən noyabr–yanvar aylarında pik həddinə çatır, ona görə də onun tam təsiri ilin sonuna doğru daha aydın olacaq.

Qeyd olunur ki, hazırda Qərbi Avropa da rekord istilik dalğası ilə üzləşib və may ayının sonu üçün temperatur qeyri-adi dərəcədə yüksəkdir.
 
Aydın
--> -->