Xəbər lenti

Sarayda gərginlik artır:
Dünya 13:09 02.06.2026

Sarayda gərginlik artır: "Taxt davası" başlayıb - "Kölgə kral" atasından nə istəyir?

Britaniya kral ailəsi daxilində sakitliyin pozulmadığı bir dövrdə ata və oğul arasında taxt və tac uğrunda gərginliyin artıq başladığı, şahzadə Uilyamın atasına, Kral III Çarlza gizli şəkildə "taxtdan çəkilmə” çağırışı etdiyi iddia olunub.

Qaynarinfo xəbər verir ki, vəziyyətdən narahat olan varis Uilyam, sağlamlıq problemləri yaşayan Kral III Çarlzın səhhətini nəzərə alaraq onun daha çox istirahət etməsini istəyir. Lakin III Çarlzın dünya səfərləri və rəsmi tədbirlərdə iştirakını davam etdirməkdə israrlı olduğu bildirilir.

77 yaşlı Kral Çarlzın 2022-ci ilin sentyabrında başlayan hakimiyyətini sona çatdırmaq niyyətində olmadığı, həyat yoldaşı 78 yaşlı kraliça Kamillanın da onun rəsmi öhdəlikləri azaltması yönündə çağırışlarına baxmayaraq ABŞ-a dövlət səfəri planını davam etdirdiyi iddia olunur.



Saray mənbələrinə görə, kralın ictimaiyyətlə əlaqələr komandası da onun xəstəliyinin ciddiyyətini azaltmaq məqsədilə Britaniya mediasına təzyiq göstərməkdə ittiham edilir.

Kral III Çarlz 12 dekabr 2025-ci ildə ictimaiyyət qarşısında çıxış edərək "erkən diaqnoz və effektiv müdaxilə sayəsində müalicə proqramım qısaldıla bilər” demişdi. Lakin krallıq işləri üzrə təcrübəli jurnalist və "The Windsor Legacy” kitabının müəllifi Robert Cobson bu açıqlamaların vəziyyəti yumşaltmaq məqsədi daşıdığını bildirib.

Onun sözlərinə görə, kral xərçənglə yaşayır: "Onun başqa seçimi yoxdur. Mən onu tədbirlərdə bəzən ayaqüstə demək olar ki, yuxuya gedən vəziyyətdə görmüşəm".



Məlumata görə, şahzadə Uilyam və saray rəsmiləri ABŞ səfəri və III Çarlzın beynəlxalq görüşlərinə dair bəzi planlara müdaxilə etməyə çalışsalar da, buna nail ola bilməyiblər.

43 yaşlı varisin atasının xəstəliyi dövründə bəzi mühüm qərarları özü verməyə başladığı, saray daxilində "kölgə kral” kimi fəaliyyət göstərdiyi iddia edilir. Lakin III Çarlzın vəzifələrini son ana qədər davam etdirmək istədiyi bildirilir.

Mənbələrə görə, Uilyamla Kral Çarlz arasında şahzadə Endryu Mountbatten-Vindzor ətrafında yaranan qalmaqallar da əlavə gərginlik yaradıb. Endryu Ceffri Epşteynlə əlaqələri səbəbindən illərdir müzakirə mövzusudur.



Eyni zamanda şahzadə Uilyamın qardaşı Harri ilə münasibətlərin normallaşmasına isti baxmadığı, III Çarlzın isə barışığa daha açıq olduğu iddia edilir.

Saray mənbələrinin iddiasına görə, III Çarlzın səhhəti ilə bağlı vəziyyət onun üzərinə əlavə psixoloji təzyiq yaradır və bu, ailə daxilində qərarvermə prosesini daha da mürəkkəbləşdirir. Digər iddialara görə, Uilyam atasının artan iş qrafikindən istifadə edərək əsas fiqurlarla qapalı görüşlər də keçirir.

Aydın
--> -->