Xəbər lenti

Saturnun ən böyük peyki alimlərin düşündüyü kimi qlobal okeana malik deyil
Dünya 17:40 18.12.2025

Saturnun ən böyük peyki alimlərin düşündüyü kimi qlobal okeana malik deyil

Saturnun ən böyük peyki olan Titanın buzlu səthinin altında əvvəllər düşünüldüyü kimi iri qlobal okean yoxdur. Bu nəticə on ildən artıq müddət əvvəl toplanmış məlumatların diqqətli yenidən təhlilinə əsaslanır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri "Nature" jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.

Araşdırmaya görə, Titanın donmuş səthinin altına eniş açıq su okeanına deyil, daha çox sıx şlota, buzlu tunellərə və qayalı nüvəyə daha yaxın yerləşən ərimiş su boşluqlarına aparır. Bu qənaət NASA-nın təxminən 20 il ərzində Saturn ətrafında dövr edən "Cassini" missiyasının məlumatlarının yeni analizinə əsaslanır.

Nəşrdə xatırladılır ki, daha əvvəl "Cassini"nin ölçmələrinin şərhi Titanın altında nəhəng yeraltı maye su okeanının mövcudluğunu göstərirdi. Bu isə uzun müddət peykin potensial həyat üçün ən ümidverici xüsusiyyətlərindən biri hesab olunurdu.

Lakin alimlər Titanı dərin okeanlı model üzrə simulyasiya etdikdə, hesablamalar uyğun gəlməyib. Məlum olub ki, əldə edilən fiziki göstəricilər qlobal okeanın mövcudluğu halında gözlənilən nəticələrlə üst-üstə düşmür.

Eyni ölçmələrin yeni metodlarla yenidən nəzərdən keçirilməsi isə tamamilə fərqli mənzərə ortaya qoyub – daha soyuq, daha sıx və xeyli dərəcədə şlotabənzər daxili quruluş.

Bu nəticələr təkcə Titanın qabığının altında nə yerləşdiyinə dair təsəvvürləri dəyişmir, eyni zamanda alimlərin Günəş sistemindəki digər buzlu dünyaları həyat axtarışı baxımından necə qiymətləndirməsinə də təsir göstərə bilər.

Vaşinqton Universitetinin Yer və kosmos elmləri kafedrasının dosenti Baptist Jurno bildirib: "Yer üzündəki kimi açıq okean əvəzinə, çox güman ki, Arktika dəniz buzuna və ya su daşıyıcı laylara bənzər bir mühitlə qarşı-qarşıyayıq".

Vaşinqton Universitetinin doktorantı Ula Cons isə vurğulayıb: "Titanda şlota qatının aşkar edilməsi Günəş sistemimizdən kənarda həyat axtarışı üçün də maraqlı nəticələr doğurur. Bu, yaşama uyğun hesab edə biləcəyimiz mühitlərin spektrini genişləndirir".

Bu nəticələr 2028-ci ilə planlaşdırılan NASA-nın Titan üzrə gələcək "Dragonfly" missiyasının istiqamətləndirilməsinə də kömək edəcək. Alimlər artıq həyat əlamətlərinin harada və necə axtarılmalı olduğunu yenidən nəzərdən keçirirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->