Dünyanın ən məşhur fikirlərindən biri olan Stiven Hokinqin düşüncəsi yenidən milyonlarla insanın diqqət mərkəzinə düşüb. Fizik hesab edirdi ki, səhv etmək zəiflik deyil, insan varlığının şərtidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Economic Times" yazır.
Hokinq bu ideyanı qısa və aydın şəkildə belə ifadə etmişdi: "Səhv etmək normaldır, heç nə mükəmməl deyil, çünki mükəmməllik olsaydı, biz mövcud olmazdıq".
İlk baxışda sadə görünən bu fikir daha dərin məna daşıyır. Alimin fikrincə, məhz qüsursuzluq deyil, qüsur inkişafın hərəkətverici qüvvəsidir. Səhvlər olmadan öyrənmə, uğursuzluqlar olmadan isə inkişaf mümkün deyil.
Niyə bu gün daha vacibdir?
Bu gün sosial şəbəkələr "mükəmməl” həyat görüntüləri ilə doludur – ideal bədənlər, karyeralar və münasibətlər. Bu isə insanlarda hər kiçik səhvə görə özünü günahlandırma hissini artırır. Hokinqin sözləri xatırladır ki, real həyat belə deyil. Burada mübarizə var, düzəlişlər var, cəhdlər var – və bu normaldır.
Bu sitatın mesajı sadədir: səhv etməkdən qorxmaq lazım deyil. Hər yanlış addım təcrübədir, hər uğursuzluq anlayışa doğru bir addımdır. Bu fikir məsuliyyətsizliyi təşviq etmir, əksinə səhvlərin inkişafın təbii hissəsi olduğunu izah edir.
Stiven Hokinq kim idi?
Stiven Hokinq 8 yanvar 1942-ci ildə Oksfordda anadan olub. O, dünyanın ən tanınmış nəzəri fiziklərindən biri idi – qara dəliklər, məkan-zaman və kvant mexanikası üzərində tədqiqatlar aparıb.
1960-cı illərin əvvəlində ona ALS xəstəliyi diaqnozu qoyulub. Bu xəstəlik tədricən onun hərəkət qabiliyyətini məhdudlaşdırsa da, o, ömrünün sonuna qədər elmi fəaliyyətini davam etdirib.
Onun ən məşhur nailiyyətlərindən biri qara dəliklərin şüalanması nəzəriyyəsidir ki, sonradan onun adı ilə bağlılaşdırılıb. Mükafatları arasında Kopley medalı və Prezident Azadlıq medalı var. "Qısa zaman tarixi" kimi kitabları isə kainatın quruluşunu hər kəs üçün anlaşılan dildə izah edib.
Hokinqin həyatı onun fikrinin ən güclü təsdiqi sayılır: insan səhv edə, xəstələnə, yıxıla bilər, amma yenə də irəliləyə bilər.
Aydın
Şərhlər