Qədim Romada bir sərkərdənin dəyəri təkcə döyüş qələbələri ilə deyil, həm də tanrıların razılığını daşıyıb-daşımaması ilə ölçülürdü. Xurafat və fal inancları hərbi qərarlara birbaşa təsir edən real faktor sayılırdı.
Qaynarinfo xəbər verir ki, Birinci Puni müharibəsi dövründə konsul Publius Klavdi Pulxerin "müqəddəs toyuqlar” ritualını görməməzliyə vurması, Roma cəmiyyətində inancların nə qədər ciddi qəbul edildiyini göstərən məşhur nümunələrdən biridir.
Rəvayətə görə, toyuqlar yemə yaxınlaşmayanda onları dənizə atdıran sərkərdə sonradan ağır məğlubiyyət yaşamışdı. Siseron bu hadisəni tanrılara hörmətsizliyin nəticəsi kimi şərh edirdi.
Sezar isə tam əks strategiya ilə hərəkət edirdi.
Qum üzərindəki düşüş
Eramızdan əvvəl 47-ci ildə Şimali Afrika sahillərinə çıxan Yuli Sezar, bir il əvvəl Misirdə öldürülən rəqibi Pompeyin qalıq qüvvələrini və Senatdakı müxalifəti sıradan çıxarmaq üçün Tunisin sahillərinə çatmışdı. Hakimiyyət zirvəsinə yaxın olduğu bir anda, gəmidən enərkən büdrəyərək hamının gözü qarşısında quma yıxıldığı iddia edilir.
Bu hadisə əsgərlər arasında dərhal pis əlamət kimi qəbul olunub. Roma ordusunda belə bir inanc vardı ki, liderin yerə düşməsi kampaniyanın uğursuzluğuna işarədir. Qorxu sürətlə yayılmağa başlamışdı.
Sezarın reaksiyası
Roma tarixçisi Suetoniusa görə, Sezar əsgərlərin qorxusunu hiss etdikdə vəziyyəti öz xeyrinə çevirdi. O, qalxmaq əvəzinə əllərini quma batıraraq torpağı sıxdı və belə dedi: "Səni möhkəm qucaqlayıram, Afrika!”
Əsgərlər bunu onun yıxılması kimi deyil, torpağı fəth etmə jesti kimi qəbul etdilər. Qorxu yerini motivasiyaya verdi.
Mif, yoxsa reallıq?
Hadisənin həqiqiliyi tarixçilər arasında mübahisəlidir. Bəzi mənbələr bunu sonradan formalaşmış əfsanə hesab edir. Lakin nəticə tarixi baxımdan dəyişmir: Sezar e.ə. 46-cı ildə Tapsus döyüşündə rəqiblərini məğlub edərək Numidiya üzərində Roma hakimiyyətini gücləndirdi.
Sonu isə daha az "uğurlu” oldu. Qələbələrinə baxmayaraq, iki il sonra Senatda sui-qəsd nəticəsində öldürüldü.
Sezarla bağlı bu hekayə həm də qədim Roma siyasətində qorxunun, simvolizmin və liderlik psixologiyasının nə qədər mühüm rol oynadığını göstərən klassik nümunələrdən biri kimi qalır.
Aydın
Şərhlər