Xəbər lenti

SSRİ-nin ilk hakeri - “Jiquli” zavodunun fəaliyyəti 3 gün niyə dayandı?
Dünya 18:12 01.06.2026

SSRİ-nin ilk hakeri - “Jiquli” zavodunun fəaliyyəti 3 gün niyə dayandı?

1982-ci ildə SSRİ-də diqqətçəkən bir hadisə baş verib. Qazaxıstanlı proqramçı Murat Urtembayev "AvtoVAZ” zavodunun istehsal idarəetmə sisteminə müdaxilə edərək konveyer xəttinin işini pozub. Nəticədə "Jiquli” avtomobillərinin istehsalı üç gün dayanıb.

Hadisə həm SSRİ daxilində, həm də sonradan informasiya təhlükəsizliyi tarixində ilk sənaye "kibersabotaj” nümunələrindən biri kimi qiymətləndirilib.

Qaynarinfo Gazeta-ya istinadən "Jiquli” avtomobillərinin istehsalının 3 gün dayanmasına səbəb olan Urtembeyev haqqında məlumatları təqdim edir:
 
Urtembayev kim idi?

Murat Urtembayev 1955-ci ildə Alma-Atada anadan olub. O, Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib və yüksək səviyyəli riyaziyyatçı kimi tanınıb. Təhsilini başa vurduqdan sonra "AvtoVAZ” zavodunda proqramçı mühəndis kimi çalışıb.

 


Sistemin necə pozuldu

1980-ci illərin əvvəllərində "AvtoVAZ” istehsal prosesini avtomatlaşdırılmış idarəetmə sistemləri ilə həyata keçirirdi. Urtembayev bu sistemlərdən birinə çıxış əldə edərək proqram təminatına gizli dəyişiklik edib.

Bu dəyişiklik "məntiqi bomba” kimi işləyib — dərhal yox, müəyyən müddətdən sonra aktivləşərək istehsal sistemində səhvlərə səbəb olub. Nəticədə detallar səhv istiqamətə yönləndirilib, bəzi sexlərdə hissələr çatışmayıb, digərlərində isə yüklənmə yaranıb.
 


Zavod üç gün dayanıb

Sistem nasazlığı nəticəsində "AvtoVAZ”ın əsas konveyeri dayanıb. SSRİ-nin ən böyük avtomobil zavodunda istehsal prosesi pozulduğu üçün yüzlərlə yarımçıq avtomobil yaranıb, iş dayanıb və mühəndislər problemi əl ilə aradan qaldırmağa çalışıb.

Zavoda dəyən zərər o dövr üçün təxminən 1 milyon sovet rublu olaraq qiymətləndirilib.

Araşdırma və nəticə

Hadisə KQB və daxili işlər orqanlarının araşdırmasına səbəb olub. Proqram kodunun analizi nəticəsində dəyişikliklərin Urtembayev tərəfindən edildiyi müəyyən olunub. O isə əməlini etiraf edib və bunu rəhbərliklə yaşadığı münaqişə ilə izah edib.

SSRİ qanunvericiliyində kibercinayətlərlə bağlı xüsusi maddələr olmadığı üçün Urtembayev 3 il şərti cəza alıb və zavoda dəyən zərəri ödəməyə məcbur edilib.
 


Tarixi əhəmiyyəti

Bu hadisə SSRİ-də informasiya texnologiyaları sahəsində sənaye sisteminə edilən ilk ciddi müdaxilələrdən biri kimi tarixə düşüb və sonradan kibertəhlükəsizlik ədəbiyyatında geniş şəkildə qeyd olunub.

Məlumata görə, Urtembayev cəzasını çəkdikdən sonra ailəsi ilə birlikdə Qazaxıstana qayıdıb. Onun 2010-cu ildə vəfat etdiyi bildirilir.

Bu hadisə bu gün də "SSRİ-nin ilk hakeri” kimi tanınan Murat Urtembayevin adı ilə xatırlanır.
 
Günay

--> -->