Alimlər Süd Yolu qalaktikasında yeni "super-Yer" sinfinə aid ekzoplanet aşkar ediblər. Planetin mövcudluğu yaxınlıqdakı ulduzun hərəkətində qeydə alınan kiçik dəyişikliklər sayəsində müəyyən edilib.
Qaaynarinfo xəbər verir ki, bu barədə "Spider's Web" nəşri yazıb.
Yeni aşkarlanan planetə "Ross 318 b" adı verilib. Onun tapılması üçün alimlər radial sürətlər metodundan istifadə ediblər.
Bu metodun əsas prinsipi ondan ibarətdir ki, ulduz ətrafında dövr edən planet öz cazibə qüvvəsi ilə ulduza təsir göstərir. Nəticədə ulduz tam hərəkətsiz qalmır, kiçik amplitudalı "yellənmə” hərəkəti edir. Bu dəyişikliklər ulduz işığının spektrində müşahidə olunur. Ulduz Yerə yaxınlaşdıqda və ya uzaqlaşdıqda spektr xətlərində cüzi sürüşmələr qeydə alınır.
"Ross 318 b" planetinin aşkarlanması zamanı tədqiqatçılar "CARMENES" və "HIRES" spektroqraflarının təxminən 15 ili əhatə edən arxiv məlumatlarını təhlil ediblər.
Mütəxəssislər qeyd edirlər ki, "Ross 318" aktiv qırmızı cırtdan ulduzdur. Belə ulduzlarda tez-tez ləkələr, alışmalar və maqnit dəyişiklikləri müşahidə olunur ki, bunlar bəzən planet siqnallarını təqlid edə bilir.
Qırmızı cırtdanlar Günəşdən daha soyuq, daha kiçik və zəif olsalar da, Süd Yolunda ən çox rast gəlinən ulduz növlərindən biridir. "Ross 318" ulduzunun effektiv temperaturu təxminən 3450 kelvin təşkil edir ki, bu da Günəşin temperaturundan xeyli aşağıdır. Ulduz öz oxu ətrafında təxminən 51,5 günə bir dövr edir.
Alimlərin hesablamalarına görə, "Ross 318 b" öz ulduzu ətrafında tam dövrəni 39,63 günə tamamlayır. Planetin minimal kütləsi Yerin kütləsindən 6,21 dəfə çoxdur və bu səbəbdən o, "super-Yer" kateqoriyasına aid edilir.
Planetin radiusunun Yer radiusundan təxminən 1,74 dəfə böyük olduğu hesablanır. O, ulduzundan təxminən 0,16 astronomik vahid məsafədə yerləşir ki, bu da təxminən 24 milyon kilometrə bərabərdir.
Planetin tarazlıq temperaturu təxminən 237 kelvin və ya mənfi 36 dərəcə Selsi olaraq qiymətləndirilib. Bu göstərici istixana effekti, buludlar, atmosfer tərkibi və istilik paylanması nəzərə alınmadan hesablanıb. Müqayisə üçün qeyd olunur ki, Yerin tarazlıq temperaturu təxminən mənfi 18 dərəcə Selsidir.
"Ross 318 b"nin ən maraqlı xüsusiyyəti onun sinxron fırlanmasıdır. Planet öz oxu ətrafında ulduzu ətrafında dövr etdiyi sürətlə fırlanır. Nəticədə onun bir tərəfi daim ulduza baxır və fasiləsiz gündüz yaşayır, digər tərəfi isə daimi qaranlıqda — əbədi gecədə qalır. Oxşar vəziyyət Ayda müşahidə olunur və Ay Yerə həmişə eyni tərəfini göstərir.
Hazırda alimlər planet haqqında daha çox məlumat əldə etməyə çalışırlar. Hələlik onun qayalı quruluşa malik olub-olmadığı və qırmızı cırtdan ulduzun güclü maqnit aktivliyinə baxmayaraq atmosferini qoruyub saxlayıb-saxlamadığı məlum deyil.
Aydın
Şərhlər