Bir neçə gün öncə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında baş verən hadisə bütün Azərbaycanda böyük maraq və rəğbətlə qarşılanıb. Xəstəxananın Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsinin müdiri Jalə Müslümova cərrahiyyə əməliyyatından sonra kliniki ölüm keçirən 37 yaşlı qadının ürəyini 45 dəqiqə fasiləsiz masaj edərək onu həyata qaytara bilib.
Bu gün Vəhdət Partiyasının Şirvan şəhər təşkilatının sədri İlkin Nuralıyev və Salyan rayon təşkilatının sədri Sahil Rəhimov Şirvan Şəhər Mərkəzi Xəstəxanasında olublar. Onlar Vəhdət Partiyasının rəhbərliyi və kollektivi adından həkim Jalə Müslümovaya təşəkkür ediblər.
Görüş zamanı həkimin yüksək peşəkarlığı, təcrübəsi və fədakarlığı sayəsində bir insanın həyatının xilas edilməsinin təqdirəlayiq olduğunu vurğulayıblar. Bildirilib ki, həyatla ölüm arasında mübarizə aparan bir xanımın yenidən həyata qaytarılması Azərbaycan səhiyyəsi üçün nümunəvi hadisədir və bu cür həkimlər cəmiyyət üçün böyük dəyər daşıyır.
Həkim Jalə Müslümova göstərilən diqqət və dəyərləndirməyə görə Vəhdət Partiyasına təşəkkürünü bildirib. O qeyd edib ki, altı övlad anası olan bir pasiyentin həyatını xilas etmək onun üçün böyük sevinc və mənəvi məsuliyyətdir.
"Bir ailə faciəsinin qarşısını almış olduq. Bu uğur təkcə mənim deyil, bütün tibbi kollektivimizin əməyinin nəticəsidir. İlk andan komanda şəklində çalışdıq, ürəyin qapalı masajı fasiləsiz davam etdirildi və nəticə əldə olundu. Bu, bizim xəstəxanada çalışan hər bir həkimin və tibb işçisinin birgə zəhmətinin göstəricisidir,” – deyə Jalə Müslümova bildirib.
Şərhlər