0Populyar filmlərdə və seriallarda vikinqlərin ən tanınan simvollarından biri kimi təqdim olunan buynuzlu dəbilqələrin tarixi gerçəkliklə uyğun gəlmədiyi elmi araşdırmalarla bir daha təsdiqlənib. Danimarkada aşkarlanan və uzun müddət Vikinq dövrünə aid olduğu güman edilən bəzi dəbilqələrin aparılan analizlər nəticəsində əslində həmin dövrdən təxminən 2000 il daha qədim olduğu müəyyən edilib.
Qaynarinfo xəbər verir ki, arxeoloji məlumatlara görə, real vikinqlər döyüşlərdə buynuzlu və ya əlavə çıxıntılara malik başlıqlardan istifadə etməyiblər. Onların istifadə etdiyi qoruyucu vasitələr əsasən dəmir və ya dəridən hazırlanmış, sadə və funksional dəbilqələrdən ibarət olub. Mütəxəssislər bildirirlər ki, buynuzlu konstruksiyalar yaxın döyüş zamanı həm hərəkət qabiliyyətini məhdudlaşdırır, həm də praktiki olaraq təhlükə yaradırdı.
Tədqiqatçılar bu yanlış təsəvvürün yayılmasını əsasən XVIII–XIX əsrlərdə Avropada formalaşan romantizm cərəyanı ilə əlaqələndirirlər. Həmin dövrdə Skandinaviya mifologiyası və tarixi sənət əsərlərində idealizə edilərək yenidən təqdim olunub. Xüsusilə bəstəkar Rixard Vaqnerin "Nibelunq üzüyü” operası bu vizual obrazın geniş yayılmasında mühüm rol oynayıb.
Daha sonra səhnə dizayneri Karl Emil Döpler tərəfindən hazırlanan teatr kostyumlarında vikinqlərin buynuzlu dəbilqələrlə təsvir edilməsi bu stereotipi gücləndirib. Bu təsvirlər zamanla illüstrasiyalara, daha sonra isə kino və animasiya sənayesinə keçərək qlobal miqyasda qəbul edilən "standart Vikinq obrazı”na çevrilib.
Skandinaviyada aparılan bəzi arxeoloji qazıntılarda buynuzlu başlıqlara bənzər təsvirlərin yer aldığı taxta oyma nümunələri də tapılıb. Lakin müasir tədqiqatçılar bu təsvirlərin real döyüşçüləri deyil, daha çox mifoloji fiqurları və ya dini simvolları ifadə etdiyini bildirirlər. Keçmişdə bu təsvirlərin yanlış şərh edilməsi də stereotipin möhkəmlənməsinə səbəb olub.
Mütəxəssislərin yekun qənaətinə görə, sinematik və mədəni baxımdan güclü obraz yaratsa da, vikinqlərin döyüş meydanında buynuzlu dəbilqələrdən istifadə etməsi tarixi baxımdan demək olar ki, mümkün deyil.
Aydın
Şərhlər