Ötən ilin dekabrında 100 yaşını tamamlayan məşhur amerikalı aktyor Dik Van Dayk uzunömürlülüyünün əsas səbəbi kimi müsbət düşüncəni və heç vaxt qəzəblənməməsini göstərib.
Qaynarinfo xəbər verir ki, Van Dayk ən çox 1964-cü ildə çəkilmiş "Meri Poppins” klassik musiqil filmindəki sevimli baca təmizləyən Bert obrazı ilə tanınır. Sonrakı illərdə isə o, "Muzeydə gecə” (2006) filmində Sesil Frederik roluna və "Klinika” (2003) serialında doktor Taunsend obrazına görə də geniş tanınıb.
Aktyor bildirib ki, qəzəb və nifrət insanı daxildən məhv edən hisslərdir və o, həyatında bu hissləri heç vaxt dərin şəkildə yaşaya bilməyib.
"Qəzəb və nifrətin insanı daxildən məhv etdiyini düşünürdüm. Mən heç vaxt həqiqətən nifrət hissi formalaşdıra bilmədim. Bəzi şeyləri sevmirdim, bəzi insanları qəbul etmirdim, amma heç vaxt ağlayacaq qədər nifrət etməmişəm”, deyə o, "People” jurnalına müsahibəsində bildirib.
Aktyor əlavə edib ki, atası Loren Van Dayk həyatı boyu tez-tez narazılıq hissi keçirib və 73 yaşında vəfat edib.
Elmi nəşr "Science Alert” bildirir ki, aktyorun dediklərində müəyyən həqiqət var. Çoxsaylı araşdırmalar göstərir ki, aşağı stress səviyyəsi və müsbət, optimist dünyagörüşü uzunömürlülüklə əlaqəlidir.
Məsələn, 1930-cu illərdə başlanmış bir tədqiqatda 678 rahibədən ibarət qrupun gənclikdə yazdığı avtobioqrafiyalar analiz edilib. 1990-cı illərdə aparılan müqayisə göstərib ki, müsbət emosiyalar ifadə edən rahibələr, mənfi hissləri daha çox yazanlara nisbətən orta hesabla 10 il daha uzun yaşayıb.
Digər bir Britaniya araşdırması da göstərib ki, optimist insanlar pessimistlərə nisbətən 11–15% daha uzun ömür sürür.
Təxminən 160 min qadının iştirak etdiyi genişmiqyaslı tədqiqat isə optimist insanların 90 yaşa qədər yaşama ehtimalının daha yüksək olduğunu ortaya qoyub.
Bu nəticələrin mümkün izahlarından biri qəzəbin ürək-damar sisteminə təsiridir. Qəzəb zamanı orqanizmdə adrenalin və kortizol kimi stress hormonları artır. Hətta qısa müddətli qəzəb partlayışları belə ürək sağlamlığına mənfi təsir göstərə bilər.
Aydın
Şərhlər