"Tender kralı” kimi tanınan "İS.M.M” MMC daha bir satınalma müsabiqəsinin qalibi seçilib.
Qaynarinfo xəbər verir ki. Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) Qaradağ rayonunda yolların əsaslı təmiri və abadlıq işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi elan edilib. Yolların əsaslı təmiri və abadlıq işlərinə görə şirkətə 417 406,77 manat ödəniləcək.
Şirkət ötən ay Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər MKTİB-nin və Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Lənkəran Şəhər İşıqlandırma Müəssisəsinin tenderini qazanıb. Bu tender üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 2 190 355,02 manat təşkil edir.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "İS.M.M” MMC cari ildə demək olar ki, hər ay tender qazanıb. Şirkətin noyabr və dekabr aylarında qalib seçildiyi tenderləri diqqətə çatdırdıq.
"İS.M.M” MMC mart ayında Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran Şəhər Nümayəndəliyinin 105 947,19 manatlıq, aprel ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin 309 246,14 manatlıq, avqust ayında Lənkəran Şəhər İcra Hakimiyyətinin 933 227,27 manatlıq, Siyəzən Rayon İcra Hakimiyyətinin 550 002,1 manatlıq və Sumqayıt Şəhər MKTİB-nin 636 121,95 manatlıq, sentyabr ayında Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçsının Hacı Zeynalabdin Tağıyev Qəsəbəsi üzrə Nümayəndəliyinin 154 645,42 manatlıq, oktyabr ayında Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran Şəhər Nümayəndəliyinin 327 750,02 manatlıq tenderində qalib olub.
"İS.M.M” MMC haqqında açıq mənbələrdə məlumatlar məhddudur. Şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu aydın deyil.
"İS.M.M” MMC haqqında bəlli olan odur ki, şirkət 30 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.
Nadir Xudiyev həm də "RASH.M.M Trade and Services-2020” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 26 noyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 406 939 manatdır.
Seyid
Şərhlər