Xəbər lenti

Texnologiya 21:12 18.03.2026

"Terminatorlar ölkəsi": Ən çox humanoid robot kimdədir? - İNFOQRAFİKA

Çin humanoid (insanabənzər) robotların qlobal bazarında demək olar ki, mütləq liderə çevrilib. 2025-ci ilə olan məlumata görə, ölkənin payı ümumi satışların təxminən 90%-ni təşkil edir. 

Qaynarinfo xəbər verir ki, müvafiq infoqrafika "Visual Capitalist” tərəfindən təqdim olunub.

Hazırda bu robotlar əsasən elmi və sənaye sahələrində istifadə olunsa da, yaxın gələcəkdə onların tətbiqi pərakəndə ticarət və məişət sahələrinə də yayıla bilər.

Ayrı-ayrı şirkətlərə gəldikdə, 2025-ci ildə birinci yeri Çinin "Unitree” şirkəti tutub. Şirkət 5500 robot tədarük edib (bir il əvvəl bu rəqəm təxminən 1500 idi).

Bu şirkətin modelləri bazarda ən müasir və eyni zamanda ən əlçatan variantlardan hesab olunur. Məsələn, "R1” adlı baza modelinin qiyməti təxminən 5900 dollar təşkil edir, şirkətin robot itləri isə təxminən 1600 dollara satılır.

Reytinqdə ikinci yerdə 5168 ədəd satışla "AgiBot” qərarlaşıb. Bu markanın ən ucuz modeli 14 500 dollara başa gəlir. Ümumilikdə, 2025-ci ildə Çində 21 yeni model təqdim edilib ki, bu da 2022-ci illə müqayisədə 18 model çoxdur (həmin vaxt cəmi üç model mövcud idi).
 


Çinin liderliyini güclü elektromobil istehsalı (bu sahədə istifadə olunan detallar humanoid robot texnologiyalarına uyğunlaşdırıla bilir) və nadir torpaq elementlərinin böyük ehtiyatları dəstəkləyir.

Bununla belə, İlon Maskın 2040-cı ilə qədər humanoid robotların sayının insan sayını üstələyəcəyi ilə bağlı proqnozuna baxmayaraq, "Tesla” şirkətində bu texnologiyanın tətbiqi Çindən xeyli geri qalır. 2025-ci ildə şirkət "Optimus” modelindən cəmi 150 ədəd tədarük edib.

Digər iki aparıcı ABŞ şirkəti – "Figure AI” və "Agility Robotics” isə təxminən eyni həcmdə satış həyata keçirib. Satış həcmlərinin məhdud olmasına baxmayaraq, "Figure AI” şirkətinin dəyəri sürətlə artaraq 2024-cü ildəki 2,6 milyard dollardan 39 milyard dollara yüksəlib.

Aydın

--> -->